Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım
Cəbrayıl, 10 oktyabr, AZƏRTAC
ABŞ-nin Hyuston şəhərindənəm. Biz indicə minalardan təmizlənmə prosesini izlədik. Bu prosesə nə qədər çox zəhmət sərf olunduğuna, həmçinin bu qədər mühüm işi görən insanların cəsarətinə heyran oldum.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qarabağ və Şərqi Zəngəzura səfər edən dünya səyyahı Ancela Kavni bildirib.
Səyyah deyib: “Bu proses zamanı həlak olanlar da olur, bu fakt məni çox kədərləndirdi. Lakin hər gün nə qədər minanın tapıldığını eşitmək də məni təəccübləndirdi. Zənnimcə, siz əla iş görürsünüz və mən sadəcə insanların təhlükəsizliyini təmin etmək üçün bu prosesdə iştirak edən hər kəsə təşəkkür etmək istəyirəm”.
Qeyd edək ki, dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarls Veleyin başçılığı ilə beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri baş tutub. Budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir. Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yerində tanış olmağa imkan yaradır.
Müxbir - Aydın Yavərzadə