Ankara Universitetinin rektoru TAU-da olub
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycana səfərdə olan Ankara Universitetinin rektoru professor Necdet Ünüvarın
rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.
Bu barədə AZƏRTAC-a TAU-dan məlumat verilib. Görüşdə TAU-nun rektoru dosent Nəcibə Nəsibova professor Necdet Ünüvarın ictimai-siyasi fəaliyyətindən söz açıb. Xatırladıb ki, Prezident İlham Əliyevin 2020-ci il 4 iyun tarixli Sərəncamına əsasən, Necdet Ünüvar Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
TAU-nun rektoru çıxışında Necdet Ünüvarın Azərbaycana olan dərin sevgisini, səmərəli fəaliyyətini, Türkiyə ilə Azərbaycan arasında münasibətlərinin inkişafına verdiyi töhfələri, eyni zamanda, Türkiyədə təhsil alan azərbaycanlı gənclərə hər zaman göstərdiyi xüsusi diqqət və dəstəyi vurğulayaraq ona təşəkkürünü bildirib.
Professor Necdet Ünüvar Türkiyə-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, TAU-nun yaradılmasının da dövlət başçılarının ortaq iradəsinin ən yüksək formada təzahürü olduğunu bildirib. O, TAU-nun azərbaycanlı gənclər üçün böyük təhsil fürsəti olduğunu vurğulayıb və gəncləri daim öz ölkəsi, bütövlükdə Türk dünyası üçün faydalı və peşəkar kadr kimi formalaşmağa dəvət edib.