Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub
Ağdaş, 11 oktyabr, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının istehsalçıdan istehlakçıya birbaşa satışını təmin etmək məqsədilə Ağdaş şəhərində növbəti “Kənddən şəhərə” yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil edilən yarmarka Heydər Əliyev prospekti 4 ünvanında yerləşir.
Yarmarkanı Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin müşaviri Elmir Bədəlov və digər rəsmi şəxslər ziyarət ediblər. Onlara satışın gedişatı, yarmarkanın təşkili və fermerlərin öz məhsullarını birbaşa istehlakçılara təqdim etməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Bildirilib ki, “Kənddən şəhərə” yarmarkalarının həm Ağdaşda, həm də respublikanın digər bölgələrində davamlı keçirilməsi nəzərdə tutulur. Belə layihələr yerli istehsalçıların məhsullarını daha geniş auditoriyaya çatdırmasına, eləcə də fermerlərlə alıcılar arasında birbaşa əlaqələrin möhkəmlənməsinə imkan yaradır.
Qeyd edək ki, iki gün davam edən yarmarkada respublikanın müxtəlif bölgələrindən gəlmiş 45-ə yaxın fermer 50 çeşiddə, ümumilikdə 6 tona qədər kənd təsərrüfatı və qida məhsulunu satışa çıxarıb. Fermerlər təşkilatçılar tərəfindən piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla tam ödənişsiz təmin olunublar.
Müxbir - Rəşad Türkoğlu