Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH
Bakı, 11 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin dərinləşdirilməsi, Xəzər hövzəsində əməkdaşlığın genişləndirilməsi və ölkəmizin Avrasiyanın nəqliyyat-enerji bağlantılarındakı rolunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər və dövlətimizin başçısının bəyanatları qarşıdakı dövr üçün yeni prioritetləri bir daha gündəmə gətirib. Belə ki, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla ikitərəfli danışıqlar, MDB Dövlət Başçıları Şurasının görüşləri və digər təmaslar regionlararası əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, rəsmi Bakı ilə Mərkəzi Asiya əməkdaşlığı ikitərəfli münasibətlərlə yanaşı, daha geniş regional formatda müzakirə olunur. Azərbaycan 2025-ci ilin noyabrında bu formata tamhüquqlu üzv qəbul edilib, ölkəmizin regional əməkdaşlıq proseslərində iştirakı yeni mərhələyə qədəm qoyub.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında bu qərarın əhəmiyyətini vurğulayaraq yekdilliklə dəstəkləndiyini bir daha xatırlatdı. Görünən budur ki, Azərbaycan və Mərkəzi Asiya qarşılıqlı əlaqələrə strateji əhəmiyyət verir və regional əməkdaşlıq daha genişlənməkdədir. Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşən dövlət kimi Mərkəzi Asiya ölkələrini Cənubi Qafqaz, Türkiyə və daha geniş Avropa bazarları ilə birləşdirən nəqliyyat marşrutlarının inkişafında iştirak edir. Mərkəzi Asiya dövlətləri isə zəngin təbii ehtiyatları, istehsal potensialı və Asiya istiqamətindəki iqtisadi əlaqələri ilə bu əməkdaşlığın digər mühüm tərəfini təşkil edirlər. Beləliklə, altı dövlətin iştirakı ilə formalaşan əməkdaşlıq siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat-logistika layihələri və enerji tərəfdaşlığının uzlaşdırılması üçün əlavə imkanlar yaradır.
“Məşvərət görüşündə imzalanan sənədlər, dövlət başçılarının birgə bəyanatı yeni perspektivlər yaradır. 2027-ci ildə Azərbaycanın bu platformaya sədrliyi isə bütün üzv dövlətlər tərəfindən dəstəkləndi. Təsadüfi deyil ki, gələn il Xivədə “Mərkəzi Asiya–Azərbaycan” Biznes Forumunun keçirilməsi də nəzərdə tutulur. Bu, ölkəmizə regional əməkdaşlığın gündəliyinin formalaşdırılmasında daha fəal iştirak etmək imkanı verəcək.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində enerji və nəqliyyat məsələləri xüsusi yer tutur. Prezident İlham Əliyevin çıxışında da bu istiqamətlər xüsusi vurğulandı. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Azərbaycanın geoiqtisadi mövqeyi həm də Mərkəzi Asiya ilə Qərb arasında enerji daşımalarının həyata keçirilməsində iştirak edən tranzit tərəfdaş kimi rolunu da gücləndirir. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəql edilməsi bu əməkdaşlığın praktiki istiqamətlərindəndir.
Nəqliyyat bağlantılarının inkişafı da bütün tərəflərin marağındadır. Xəzər dənizi üzərindən keçən marşrutların, liman infrastrukturu və dəmir yolu əlaqələrinin səmərəliliyinin artırılması Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirəcək. Azərbaycan üçün isə bu proses tranzit imkanlarının artırılması, logistika xidmətlərinin inkişafı və qeyri-neft sektorunun genişlənməsi baxımından əhəmiyyətlidir.
Energetika əməkdaşlığının digər perspektivli istiqaməti yaşıl enerji layihələridir. Prezident İlham Əliyev bu sahədə görülən işlərə toxunaraq bildirdi ki, yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq. Bu layihələr regionun enerji əlaqələrinin gələcək strukturuna təsir göstərir.
Oktyabrın 9-da keçirilən Xəzər Ekoloji Sammitində isə Prezident İlham Əliyev Xəzərin strateji əhəmiyyətini, dənizin səviyyəsinin aşağı düşməsini və sahilyanı ölkələrin qarşısında duran ekoloji problemləri diqqətə çatdırdı. Xəzərin səthinin ümumi sahəsinin 20 min kvadratkilometrdən çox hissəsinin azalması, təxminən 30 min hektar quru sahənin əmələ gəlməsi sahilyanı infrastrukturun, limanların, balıqçılığın və ekosistemin qorunması ilə bağlı məsələlərin aktuallığını göstərir. Azərbaycan Xəzərin sülh və əməkdaşlıq dənizi kimi statusunun möhkəmləndirilməsində maraqlıdır. Prezident elmi araşdırmaların və daimi fəaliyyət göstərən əməkdaşlıq mexanizminin gücləndirilməsini təklif edir.
Türkmənistana səfər çərçivəsində MDB Dövlət Başçıları Şurasının məhdud və geniş tərkibdə iclasları da baş tutdu. Geniş tərkibdə keçirilən iclasdan sonra MDB çərçivəsində müxtəlif sahələri əhatə edən sənədlər imzalandı”, - deyə deputat vurğulayıb.
Könül Nurullayeva qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşü də keçirildi. Danışıqlarda iki ölkə arasındakı münasibətlər, əvvəlki görüşlərdə müzakirə edilmiş məsələlər və Ağbənd–Kəlalə layihəsinin icra vəziyyəti nəzərdən keçirildi. Bu bağlantı Azərbaycanla İran arasında nəqliyyat əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyır. Bu layihə regionda sərhədyanı infrastrukturun genişləndirilməsi və nəqliyyat marşrutlarının şaxələndirilməsini nəzərdə tutur.
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri bir daha göstərdi ki, Azərbaycanın rolu həm coğrafi mövqeyi, həm də enerji resurslarının tranziti, beynəlxalq bazarlara çıxış və çoxtərəfli təşəbbüslərdə iştirakı ilə daha da artmaqdadır.