Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub
Bakı, 12 oktyabr, AZƏRTAC
Bu gün dünyada müşahidə etdiyimiz qeyri-stabil siyasi durum, mürəkkəb proseslər və müxtəlif gərginliklər, yeni siyasi reallıqların formalaşması, dövlətlər arasında sıx iqtisadi tərəfdaşlığın, siyasi dialoqun və birgə əməkdaşlığın, xüsusi olaraq tarixi-mənəvi köklərə söykənən həmrəyliyin əhəmiyyətini bir daha diqqət mərkəzinə gətirir.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə söyləyib.
Kamran İmanov vurğulayıb ki, Azərbaycan Qafqaz regionunda və Türk dünyasında mühüm və strateji mövqeyə malikdir: “Ölkəmiz bu iki böyük coğrafi areallarını müxtəlif layihələrlə bir-birinə bağlayan təşəbbüskar dövlət və eyni zamanda, strateji mərkəz kimi çıxış edir. Dövlətimiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bölgədə yaranmış yeni reallıq regionda davamlı sülhün, sabitliyin və əmin-amanlığın qurulması üçün yeni tarixi imkanlar yaradıb.
Ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birini Türk dünyasının birliyi təşkil edir. Çünki bu gün türk dövlətlərinin sıx inteqrasiyası müasir dövrün tələb etdiyi tarixi zərurətdir.
Türk dövlətlərinin institusional birliyinin təməli məhz Azərbaycanda qoyulub. 2009-cu ilin oktyabr ayında türk dövlətlərinin başçılarının Naxçıvan şəhərində keçirilən IX Zirvə Görüşündə Naxçıvan Sazişinin imzalanması ilə Türk Dövlətləri Təşkilatının bünövrəsi qoyulub. Bu tarixi hadisə Türk dünyasının geostrateji mənzərəsini köklü şəkildə dəyişib. Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün 2024-cü ilin iyul ayında məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi və tarixi Qarabağ Bəyannaməsinin imzalanması təşkilatın gələcək inkişaf xəttinin müəyyən edilməsinin başlanğıcı olub”.