Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda bir sıra statistik göstəricilər qeydə alınıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb. Gəncə təmsilçisi səfərdə “Araz-Naxçıvan”ın qapısından 2 cavabsız top keçirib.
Qərb klubunun 300-cü sevinci 721-ci matçına təsadüf edib. Evdə 194, səfərdə 102 dəfə qalib gələn “Kəpəz” neytral meydançalarda 4 dəfə sevinib. İlk qələbəsini 1992-ci il mayın 3-də “Turan”la ev matçında əldə edən (2:1) Gəncə klubu 300 və daha çox oyunda qalib gələn 4-cü komandadır.
Bundan başqa, “Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komandanın yubiley qolunu Abdullahi Şuaybu vurub. O, Premyer Liqanın VII turunun “Zirə” ilə səfər görüşündə (1:1) fərqlənib. 900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənən “Şamaxı” ümumi qol sayında yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.
Qeyd edək ki, ilk qol 1999/2000-ci illər mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.
Həmçinin Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. “Zirə”nin futbolçusunun yubileyi “Şamaxı” ilə matça (1:1) təsadüf edib. Müdafiəçi VII tura start heyətində çıxıb. Debütü 2018/2019-cu illər mövsümündə gerçəkləşən Seydiyev 200 qarşılaşmada 6 qol vurub. O, bu müddətdə üç klubun formasını geyinib. Müdafiəçi “Qəbələ”də 31 (1 qol), “Sabah”da 162 (5 qol), “Zirə”də 6 dəfə şans qazanıb.