TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı getdikcə daha böyük platformaya çevrilməkdədir, üzvlərinin müştərək maraqlarına, eyni zamanda, dəyişən dünya düzəninə cavab verir. 2026-cı il mayın 16-da Türkistanda keçirilən Zirvə toplantısı rəqəmsal inkişaf və innovasiya məsələlərinə həsr olunmuşdu və bu da Türk dünyasında dəyişikliyi əks etdirir. Növbəti TDT Sammiti bizim müştərək gündəliyi daha da irəli aparmağa imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Ömər Kocaman TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə söyləyib.
Ömər Kocaman qeyd edib ki, tarixən türk xalqları bilik, elm və mədəniyyətə xüsusi töhfə veriblər. Əl-Fərabi, Nizami Gəncəvi, Əlişir Nəvai başlayaraq elm insanları, tədqiqatçılar müxtəlif ideyalar ortaya qoymuşlar.
“Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir”, - deyən Ömər Kocaman, həmçinin Lütfi Zadənin elmi tədqiqatlarını xatırladıb. Qeyd edib ki, innovativ ideyalar sərhədləri aşmaqdadır.
“Bu, bir daha bizə müştərək məsuliyyətimizi xatırladır, Biz birgə əqli mülkiyyət hüquqlarını qorumalı, yeni yaranan ideyaları cəmiyyətimiz üçün dəyərə çevirməliyik”, - deyə Ömər Kocaman bildirib. Onun sözlərinə görə, getdikcə bu mövzular iqtisadi rəqabətdə böyük əhəmiyyətə malik olur. Əqli mülkiyyət sahəsində əməkdaşlıq yalnız texniki bir istiqamət deyil, eyni zamanda daha rəqabətli Türk dünyası yaratmaq üçün vacib amildir.