Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb
Avropa İttifaqı (Aİ) Şurası kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsinin qüvvədəqalma müddətini beş il - 2031-ci il oktyabrın 30-dək uzadıb. Bununla da ilk dəfədir ki, sanksiyalar rejimi belə uzun müddətə uzadılır.
AZƏRTAC xəbər verir ki, Şura, həmçinin həmin çərçivə daxilində sanksiya siyahısına daxil edilmiş şəxslərlə və qurumlarla bağlı fərdi məhdudlaşdırıcı tədbirlərin qüvvədə olma müddətini bir il - 2027-ci il oktyabrın 30-dək uzatmaq qərarına gəlib.
Hazırda məhdudlaşdırıcı tədbirlər ümumilikdə 31 fiziki şəxsə və 6 quruma şamil olunur. Sanksiyalara məruz qalan şəxslərin və qurumların aktivləri dondurulur, onlara və ya onların xeyrinə birbaşa və dolayı yolla vəsait və ya iqtisadi resursların təqdim edilməsi qadağan olunur. Siyahıya daxil edilmiş fiziki şəxslərin Aİ ərazisinə səfərlərinə də qadağa tətbiq olunur.
Sanksiyalar rejiminin məqsədi kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı Aİ-nin səylərinə töhfə vermək, həmçinin kimyəvi silahların hazırlanmasının, istehsalının, toplanmasının və istifadəsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiyanın icrasını dəstəkləməkdir.
Aİ Şurası 2018-ci il martın 22-də kimyəvi silahların, o cümlədən hər hansı zəhərli kimyəvi maddənin istənilən şəraitdə silah kimi istifadəsinin tamamilə qəbuledilməz olduğunu, sistemli və qətiyyətlə pislənməli olduğunu və hamı üçün təhlükəsizlik təhdidi yaratdığını bəyan edib. Həmin il oktyabrın 15-də kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı məhdudlaşdırıcı tədbirlərin hüquqi çərçivəsi qəbul olunub. Şura bu il iyulun 3-də kimyəvi silahların, xüsusilə epibatidinin hazırlanmasında iştirak edən altı Rusiya vətəndaşına qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarı verib.