“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb
Bakı, 12 oktyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsində elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirlib ki, seminarda şöbənin aparıcı elmi işçisi dosent Aynurə Səfərova “Kitabi-Dədə Qorqud”un poetik sistemində xeyir-duaların, alqış və qarğışların funksional semantikası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan və ümumtürk folklorunun möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunda xeyir-dua, alqış və qarğışların məna xüsusiyyətləri, funksional yükü, sosial-mədəni mahiyyəti və mifoloji kökləri araşdırılıb. Qeyd olunub ki, epos oğuz türklərinin tarixi-mədəni yaddaşını əks etdirməklə yanaşı, zəngin poetik və semantik sistemə malikdir. Dastanda oğuzların adət-ənənələri, məişəti, dünyagörüşü, ailə və cəmiyyət münasibətləri, mənəvi-əxlaqi dəyərləri, eləcə də insanın təbiət və sakral aləmlə əlaqələri bədii ifadəsini tapıb. Aynurə Səfərova diqqətə çatdırıb ki, xeyir-dualar, alqışlar və qarğışlar yalnız emosional münasibəti ifadə edən nitq vahidləri deyil, həm də oğuz cəmiyyətində sosial münasibətlərin tənzimlənməsində, mənəvi dəyərlərin qorunmasında, kollektiv inamların yaşadılmasında və davranış modellərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu ifadələrdə arzu, niyyət, dua, mənəvi dəstək, xəbərdarlıq, etiraz və mənfi münasibət kimi məna çalarları birləşir. Onların öyrənilməsi qədim oğuzların sosial-etik normalarını, inanc sistemini və dünyanı dərketmə üsullarını müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Məruzədə eposda sözün təsir gücünə və nəticə doğurmaq imkanına inamın mühüm dünyagörüşü elementi olduğu vurğulanıb. “Ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idi” ifadəsi oğuzların sözün mənəvi və magik gücünə münasibətini əks etdirən nümunə kimi şərh edilib. Bildirilib ki, xeyir-dua və alqışlar arzu olunan gələcəyin, rifahın, qələbənin və sosial harmoniyanın, qarğışlar isə narazılığın və arzuolunmaz nəticələrə dair təsəvvürlərin poetik ifadəsidir. Dədə Qorqud obrazının sosial-mifoloji və poetik sistemdəki mövqeyinə də toxunulub. Qeyd edilib ki, onun boyların sonunda söylədiyi müdrik fikirlər, verdiyi xeyir-dualar və “yum”la bağlı ifadələr Dədə Qorqudu kollektiv yaddaşı təmsil edən, mənəvi dəyərləri təsdiqləyən və cəmiyyətin ideallarını ifadə edən müdrik şəxsiyyət kimi səciyyələndirir. Bu ifadələrdə insan ömrünün faniliyi, dünyanın gəlimli-gedimli olması və mənəvi dəyərlərin davamlılığı kimi fəlsəfi məqamlar da əks olunur.
Müzakirə zamanı Dədə Qorqud şöbəsinin müdiri professor Ramazan Qafarlı tədqiqatla bağlı elmi qeydlərini və tövsiyələrini bildirib. O, alqış və qarğışların semantik və funksional xüsusiyyətləri ilə yanaşı, semiotik-struktur aspektdən də araşdırılmasının vacibliyini vurğulayıb.