Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ
Tbilisi, 27 sentyabr, AZƏRTAC
İnsanı dünyada tanıdan, onun əsl insan olmasını təsdiq edən ən başlıca dəyər mənəvi saflığı, xeyirxahlığı, əxlaqi keyfiyyətləri və cəmiyyətə, xalqına, bəşəriyyətə verdiyi töhfələrdir. İnsanın öz kökünə, tarixinə, ədəbiyyatına və mənəvi dəyərlərinə sahib çıxması, həmçinin gələcək nəsillərə dəyərli izlər buraxması onu əsl şəxsiyyətə çevirir. Dahi mütəfəkkirlərin və sənətkarların irsi də göstərir ki, fiziki ömür müvəqqəti olsa da, insanın əməlləri və uca insani keyfiyyətləri əbədiyaşarlığını təmin edir.
Öz əməlləri, yaradıcılığı, ədəbiyyata, mədəniyyətə və incəsənətə verdiyi töhfələr, özündən sonrakı nəsillərə göstərdiyi diqqət və qayğı ilə seçilən sənətkarlardan biri də Gürcüstanın qədim Borçalı mahalında — hazırkı Dmanisi rayonunda yaşayıb-yaradan Qəşəm Süleymanovdur.
AZƏRTAC-ın xüsusi müxbiri Dmanisidə olub, sənətkarın həyat və fəaliyyəti ilə maraqlanıb.
İlk növbədə qeyd edək ki, Qəşəm Süleymanov yalnız doğulduğu bölgədə deyil, bütövlükdə Azərbaycan və Gürcüstan mədəni mühitində özünəməxsus dəst-xətti ilə seçilən rəssam-inkrustator və pedaqoqdur. O, milli mədəniyyətin, tətbiqi sənətin və təsviri incəsənətin inkişafına misilsiz töhfələr verən fədakar sənətkarlardan biridir.
Q.Süleymanovun rəssamlığa, oymaçı sənətinə marağı hələ lap uşaq yaşlarından başlayıb. Onun əmisi, dayısı da rəssam olublar.
O deyib: “Əmin və dayım rəssam olub. Mən uşaq vaxtlarmda onların yanına gedər, çəkdikləri əsərlərə baxıb, öz xəyalımda başqa bir əsər yaradırdım. Sonradan mən də əlimə karandaş, bir qədər sonra fırça götürüb xırda rəsmlər çəkdim. Qohumlarım çəkdiyim rəsmləri bəyənirdilər. Mənim digər 3 qardaşım da rəsm çəkirdilər. Beləliklə də mən rəssamlığa başladım”.
Sonradan Qəşəm Bakıya gedib və mebel fabrikində çalışıb. Bakıda orta ixtisas məktəbinin bitirdikdən sonra Moskvada Xalq İncəsənət Universitetində təhsil alıb. Bundan sonra başqaları kimi, ad-san, şan-şöhrət arxasınca getməyib, doğma vətəninə qayıdıb.
Bu gün Qəşəm Süleymanovun yaradıcılıq yolunda xüsusi yer tutan sahələrdən biri inkrustasiya sənətidir (müxtəlif materialların — ağac, sədəf, metal, sümük və ya qiymətli daşların daxil edilməsi ilə bəzədilməsi texnikası). Rəssam bu çətin və incə sənət növünü böyük səbir, dəqiqlik və estetik zövqlə icra edir.
Onun sözlərinə görə, inkrustasiya sənətində müxtəlif materialların ağac üzərinə daxil edilməsi ilə bəzədilməsi texnikası xüsusi yer tutur. İnkrustasiya sənətinin özəlliyi ondadır ki, bu, sadəcə oyma deyil, bir növ "ağac üzərində mozaika"dır.
Onun əsərlərində əsas ana xətti xalq sənəti motivləri, Borçalı mahalının zəngin tarixi-mədəni irsi, şərq ornamentləri və təbiət mənzərələri təşkil edir. Ağac oymaçılığı və inkrustasiyanı sintez edərək ərsəyə gətirdiyi bədii nümunələr həm estetik görünüşü, həm də mürəkkəb icra texnikası ilə seçilir. Rəssamın fırçasından və əl əməyindən çıxan tablolar, bəzək əşyaları və dekorativ kompozisiyalar milli köklərə bağlılığı aydın şəkildə nümayiş etdirir.
Rəssam deyir ki, bu sənətin 3 əsas özəlliyi var. Bunlardan biri və birincisi çox materiallılıqdır. Adi oymadan fərqli olaraq bir əsərdə bir neçə material birləşir – qoz, palıd kimi müxtəlif ağac növləri, sədəf, sümük, metal, hətta qiymətli daş. İkincisi həddindən artıq dəqiqlikdir. Naxışın konturu ağacın üzərində oyulur, sonra həmin oyuğa millimetr dəqiqliyi ilə başqa materialdan kəsilmiş parça yerləşdirilir. Arada boşluq qalsa əsər yararsız sayılır. Ona görə bir xırda tablonun hazırlanmasına bəzən həftələrlə vaxt gedir. Üçücüsü isə Borçalı məktəbidir. Bu sənətin Gürcüstanda azsaylı ustaları qalıb.
Qəşəm müəlliminin yaradıcılığının əsas fərqi ondadır ki, o, Şərq ornamentini, Borçalı xalça naxışlarını və təbiət motivlərini müasir dekorativ kompozisiyada yaşatmasıdır. Onun əsərləri həm bəzək əşyası, həm də milli yaddaş daşıyıcısıdır.
Sənətkar yalnız yaradıcılıqla kifayətlənməyərək, uzun illərdir ki, Dmanisidə pedaqoji fəaliyyətlə də məşğul olur. O, gənc nəslə rəssamlıq, tətbiqi sənət və sənətkarlıq sirlərini öyrədir. Dmanisi kimi tarixi və etnik baxımdan zəngin bir bölgədə gənclərin incəsənətə həvəsləndirilməsi və milli adət-ənənələrin qorunub saxlanılmasında onun böyük əməyi var. Qəşəm müəllim yetirmələrinə yalnız texniki vərdişləri deyil, aynı zamanda sənətə sevgi, zəhmətkeşlik və estetik duyğular aşılamağı özünün əsas qayəsi hesab edir.
Dmanisi (Başkeçid) rayonunun mədəni həyatında fəal iştirak edən Qəşəm Süleymanov, müxtəlif sərgilərin və mədəni tədbirlərin təşkilində də mühüm rol oynayır. Onun əsərləri həm Gürcüstanda, həm də sənətsevərlərin diqqətini çəkən regional sərgilərdə nümayiş etdirilir.
Qəşəm Süleymanov özünün sənətkarlıq bacarığı, fədakarlığı və pedaqoji fəaliyyəti ilə Borçalı elinin və Başkeçid torpağının yetişdirdiyi dəyərli ziyalılardan və sənət xadimlərindən biri kimi tanınır və sevilir.
O, 2026-cı ildə Marneuli şəhərində vandalizm nəticəsində zədələnən Nizami Gəncəvinin büstünü təmənnasız olaraq bərpa edib. Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü ilə görülən restavrasiya işlərindən sonra abidə yenidən əvvəlki görkəminə qayıdıb.
Xatirladaq ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlı rəssam Qəşəm Süleymanovu “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.