Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə təşkil olunacaq. İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.
İmtahanda iştirak etmək üçün AB qrupu üzrə 10, AC qrupu üzrə 16, BA qrupu üzrə 62, BB qrupu üzrə isə 221 namizəd qeydiyyatdan keçib. Beləliklə, imtahanda ümumilikdə 309 namizədin iştirakı gözlənilir.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsilə əldə edə bilərlər.
İmtahana gələn namizədlər şəxsiyyətlərini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq. İmtahanın təşkili üçün 3 zal administratoru, 19 nəzarətçi və 5 buraxılış rejimi əməkdaşı ayrılıb.