Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan dünyəvi dövlətdir və onun təhsil sistemi də dünyəvilik prinsipi əsasında formalaşıb. Təhsilin dünyəvi əsaslarla təşkili uğrunda mübarizə hələ XIX əsrin ikinci yarısından etibarən Azərbaycan maarifçilərinin fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli bildirib.
Mehman Həsənli qeyd edib ki, Azərbaycanın, eləcə də Orta Asiyada yaşayan türk xalqlarının müasir cəmiyyət quruculuğu prosesində maarifçilik və cədidçilik hərəkatlarının mühüm tarixi rolu olub. 1884-cü ildə İsmayıl bəy Qaspiralının əsasını qoyduğu üsuli-cədid məktəbləri sonralar Orta Asiyada geniş cədidçilik hərəkatının formalaşmasına təkan verib. Bu hərəkatın başlıca məqsədlərindən biri cəmiyyəti cəhalət və gerilikdən xilas etmək, dünyəvi biliklərin yayılmasına nail olmaq, müasir təhsil və ictimai düşüncə modelinin formalaşmasına şərait yaratmaq idi. Türkiyədə isə XIX əsrdə həyata keçirilən Tənzimat islahatları cəmiyyətin yeniləşməsi və təhsil sisteminin müasirləşməsi baxımından mühüm rol oynayıb. Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə və digər görkəmli mütəfəkkir və ədiblərimizin zəngin ədəbi-publisistik irsi cəmiyyətin maariflənməsinə, müasir təfəkkürün və dünyəvi təhsil ideyalarının yayılmasına mühüm töhfələr verib. Onların irsi bu gün də təhsilin mahiyyəti və cəmiyyətin gələcəyi haqqında düşünərkən mühüm mənəvi və intellektual qaynaqdır.
Məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı qəbul edilən yeni qərar da, ilk növbədə, dünyəvi təhsil prinsiplərinin qorunması, bütün şagirdlərə vahid yanaşmanın təmin edilməsi, məktəb mühitində nizam-intizamın və təşkilati mədəniyyətin gücləndirilməsi baxımından əhəmiyyətlidir.