Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan təhsil sistemində dünyəvilik prinsiplərinin qorunmasına, bütün şagirdlər üçün bərabər imkanların yaradılmasına və təhsil mühitində vahid qaydaların tətbiqinə xüsusi önəm verir. Bu baxımdan, məktəbli geyimi ilə bağlı müəyyən edilmiş tələblər yalnız xarici görünüşün tənzimlənməsi deyil, həm də təhsil müəssisələrində sosial bərabərliyin, nizam-intizamın və qarşılıqlı hörmətin təşviqi baxımından əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, məktəbli geyimi təhsilalanlar arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını almaq və məktəb mühitində vahid yanaşmanın formalaşmasına töhfə vermək baxımından mühüm əhəmiyyətə malikdir. Şagirdlərin geyim seçimi ailələrin maddi imkanlarından asılı olaraq fərqləndikdə bu, bəzi hallarda uşaqlar arasında müqayisələrə, sosial fərqlərin qabardılmasına və psixoloji narahatlıqlara səbəb ola bilər. Vahid məktəbli geyimi isə belə halların azalmasına, şagirdlərin diqqətini xarici görünüşdən daha çox tədris prosesinə yönəltməsinə şərait yarada bilər.
Ekspertin fikrincə, məktəbli geyimi qaydalarının tətbiqi təhsil müəssisələrində nizam-intizamın formalaşmasına da müsbət təsir göstərir. Müəyyən edilmiş geyim standartları şagirdlərdə məktəb mühitinə uyğun davranış vərdişlərinin inkişafına, təhsil müəssisəsinə mənsubluq hissinin güclənməsinə və ümumi təhsil mühitinin daha sistemli təşkilinə kömək edir. Bununla belə, məktəbdə intizamın təmin olunması yalnız geyim qaydaları ilə məhdudlaşmamalı, müəllim-şagird münasibətləri, pedaqoji yanaşma və məktəbdaxili davranış normaları ilə dəstəklənməlidir.