Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Rabil Elburus oğlu İsmayılovun ailəsini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə şəhərində anadan olan Rabil İsmayılov Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 3-də Xocavənd döyüşlərində şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd edilib ki, şəhid ailələrinin sosial rifahının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə davamlı qayğı tədbirləri həyata keçirilir.