İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir
Bakı, 12 oktyabr, AZƏRTAC
Məktəbdə geyim məsələsi həm şagirdlər, həm də müəllimlər üçün müəyyən edilmiş rəsmi tələblərə əməl olunması baxımından əhəmiyyətlidir. Şagird məktəbli forması, müəllim isə peşəsinə uyğun rəsmi geyimi ilə məktəbin ümumi mədəniyyətini əks etdirir. Əsas məqsəd geyimdə vahid yanaşmanı qorumaq, məktəb mühitində səliqə və nizam-intizamı təmin etməkdir. Məktəb yalnız təhsil verilən yer deyil, həm də qaydalara hörmətin, məsuliyyətin və qarşılıqlı münasibətlərin formalaşdığı bir mühitdir. Buna görə də həm şagirdlərin məktəbli formasına, həm də müəllimlərin rəsmi geyim tələblərinə əməl etməsi vacibdir. Burada söhbət yalnız geyimdən deyil, məktəbin ümumi qaydalarına hörmətlə yanaşmaqdan və vahid təhsil mühitinin qorunmasından gedir.
Bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev AZƏRTAC-a açıqlamasında ümumtəhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqinə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, dövlət ümumtəhsil müəssisələrində təhsilverənlərin geyimlərinə olan tələblər haqqında Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 saylı qərarı tamamilə dünyəvilik prinsipinə uyğun, Azərbaycan Konstitusiyasının tələblərinə və təhsil haqqında qanunlara uyğun bir qərardır. Məlumdur ki, Azərbaycanda təhsil Konstitusiyamıza əsasən dünyəvi təhsil sayılır və dünyəvilik prinsipi təhsilin əsas prinsiplərindən biridir. Buna görə də təhsilverənlərin geyimi, eləcə də təhsilalanların geyimi ilə bağlı ümumtəhsil məktəblərində ümumi forma haqqında qərarın qəbul olunmasına çox ciddi ehtiyac var idi. Yəni bu, təkcə bizim ölkədə deyil, dünyanın əksər ölkələrində də belə normalar və standartlar mövcuddur. Birinci növbədə, bu, təhsilin ümumilik prinsipinə uyğun gəlir. Yəni nə təhsilalanlar, nə də təhsilverənlər öz geyim və formaları ilə çox fərqlənməlidirlər və ümumi standartlar olmalıdır. Digər tərəfdən, hər bir peşənin öz peşə geyimi, peşə forması var və hər bir istehsalat sahəsinin, təhsil sahəsinin, xidmət sahəsinin öz geyimləri vardır. Yəni biz necə ki, çimərlik geyimində restorana getmirik və restoran geyimində də məktəbə getmirik, yaxud məktəb geyimində çimərliyə getmirik. Hər mühitin öz forma, geyim forması vardır. Bu mənada müəllimlərin geyimlərinin forması və funksionallığı ilə bağlı tələblərin olması tamamilə normaldır. Yəni forma, birinci növbədə, işgüzar mühit yaratmalıdır, onun peşəsini yerinə yetirməsinə mane olmamalı və diqqəti yayındırmamalıdır. Bunlar çox vacib məsələlərdir.
Deputat bildirib ki, müəyyən bayram tədbirlərində, şənliklərdə milli geyimlərin geyinilməsinə icazə verilir: “İdman, hərbi hazırlıq və digər dərslərdə müvafiq geyim formalarından istifadəyə də icazə verilir. Lakin təəssüf ki, xüsusilə sosial şəbəkələrdə bu geyim qaydaları ilə bağlı qərarın başqa məqamlara yönəldildiyini, fərqli istiqamətlərdə müzakirələrin aparıldığını və bunun dini atributların qadağan olunması kimi təqdim edildiyini görürük. Bunlar doğru deyildir. Hər yerin öz geyim forması vardır. Bunlar dünyada qəbul olunmuş əsas prinsiplərdir”.
Müxbir - Tünzalə Arazlı