AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər
Bakı, 12 oktyabr, AZƏRTAC
Uşaq, yeniyetmə və gənclər futboluna yanaşmanın dəyişdirilməsi, görülən işlərin ictimaiyyətə aydın şəkildə çatdırılması əsas məqsədlər sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov aşağı yaş qrupları üzrə “match.affa.az” saytının və “@AFFA.istedadlar” sosial media layihəsinin təqdimat mərasimi zamanı deyib.
O bildirib ki, son vaxtlar bu sahələrdə işlər daha intensiv xarakter alıb: “Görülən işlərin əsas istiqamətlərindən biri akademiyalara mütəmadi baş çəkmək, onların ehtiyaclarını yerində müəyyənləşdirmək, uşaq və gənclər futbolu ilə bağlı qərarlar zamanı rəhbərlərin və məşqçilərin fikirlərini nəzərə almaqdır”.
Departament rəhbəri qeyd edib ki, təqdim olunan layihələr AFFA-nın öz resursları, mütəxəssislərin bilik və bacarıqları, eləcə də təşəbbüsləri hesabına hazırlanıb: “Layihələrin həyata keçirilməsində heç bir xarici şirkətin xidmətindən yararlanılmayıb. Təşəbbüslərin əsas əhəmiyyəti akademiyalarla federasiya arasında birgə əməkdaşlığı gücləndirməkdən ibarətdir. Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər. Birgə fəaliyyət sayəsində Azərbaycan futbolunda daha böyük uğurlara nail olmaq mümkündür”.