Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan müxtəlif dillərin və mədəniyyətlərin qarşılıqlı anlaşma, sülh və həmrəylik şəraitində yaşadığı mühüm məkana çevrilib. Ölkəmizdə müxtəlif dillərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycan bu baxımdan özünəməxsus və unikal nümunədir. Dünyanın bir çox ölkəsində də Azərbaycanın bu təcrübəsi geniş müzakirə olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, təhsilin dünyəvi xarakter daşıması hər kəsə məlumdur: "Bu gün dini məsələlərin manipulyasiya alətinə çevrilməsi, bu mövzuda müzakirələrin aparılması və müxtəlif təxribat cəhdlərinin göstərilməsi birmənalı şəkildə yolverilməzdir. Belə həssas mövzulara münasibətdə hər kəsin son dərəcə diqqətli, soyuqqanlı və təmkinli davranmasına ehtiyac var".
Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və ölkəmizdə gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişməsi üçün dövlət tərəfindən davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir, zəruri addımlar atılır. Gənclərin sağlam mühitdə böyüməsi və inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Deputat “Təhsil Şurası” İctimai Birliyinin narahatlığını əsaslı hesab etdiyini bildirib:"Bu cür məsələlərə həssas yanaşılması təsadüfi deyil və bunun ciddi səbəbləri var. Əsas məqsəd mövcud ənənələri qorumaq, onları gələcək nəsillərə çatdırmaq və dövlətimizin inkişafına hər birimizin öz töhfəsini verməsidir".
Müxbir - Səbinə Əlizadə