AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq
Bakı, 12 oktyabr, AZƏRTAC
Türkiyənin İzmir şəhərində keçirilən 5-ci Beynəlxalq Logistika, Anbar və Texnologiya (Logistech) sərgisi çərçivəsində Azərbaycan və Türkiyənin logistika və nəqliyyat sahəsində fəaliyyət göstərən qadın mütəxəssislərinin görüşü keçirilib. Görüşün əsas məqsədi iki ölkənin logistika sektorunda çalışan qadın mütəxəssisləri arasında əlaqələri gücləndirmək, təcrübə mübadiləsini təşviq etmək və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub. Beynəlxalq Nəqliyyat və Logistika Xidmətləri İstehsalçıları Assosiasiyasının (UTİKAD) Qadın Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşə komitənin sədri Ayfer Vurğun ev sahibliyi edib. Tədbirdə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) Qadın Komitəsinin sədri Lamiyə Xəlilovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
AGTL-in Qadın Komitəsinin sədri Lamiyə Xəlilova AZƏRTAC-a açıqlamasında bildirib ki, Türkiyə və Azərbaycan qadın nəqliyyatçıları arasında qurulan əməkdaşlıq əlaqələri logistika sektorunda qadınların iqtisadi fəallığının artırılması və peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Lamiyə Xəlilova qeyd edib ki, bu təşəbbüs Prezident İlham Əliyevin 2025-ci il dekabrın 29-da imzaladığı “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq müddəalarının icrasına da töhfə verə bilər.
“Türkiyə və Azərbaycan qadın nəqliyyatçılarının bir araya gəlməsi sadəcə təcrübə mübadiləsi ilə məhdudlaşmır. Bu görüş, eyni zamanda, qadınların logistika və nəqliyyat sektorunda daha fəal iştirakına, peşəkar əlaqələrinin genişlənməsinə və yeni iqtisadi imkanlar əldə etməsinə şərait yaradan mühüm platformadır. İnanırıq ki, qurulan əlaqələr gələcəkdə konkret birgə təşəbbüslərə, yeni əməkdaşlıq layihələrinə və qadın mütəxəssislərin beynəlxalq logistika şəbəkələrinə daha fəal inteqrasiyasına yol açacaq”, – deyə Lamiyə Xəlilova bildirib.
Komitə sədri vurğulayıb ki, Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılmasına dəstək göstərilməsi, eləcə də əmək bazarında gender fərqlərinin aradan qaldırılması məqsədilə qadınların rəqabət qabiliyyətinin yüksəldilməsi ayrıca əhəmiyyət daşıyır.
“Xüsusilə nəqliyyat və logistika kimi iqtisadiyyatın strateji sahələrində qadınların imkanlarının genişləndirilməsi vacibdir. Bu sahədə qadınların bilik və bacarıqlarının artırılması, onların qərar qəbuletmə proseslərində iştirakının təşviq edilməsi, peşəkar şəbəkələrə çıxışının təmin olunması həm gender bərabərliyinə, həm də sektorun inkişafına xidmət edir. Azərbaycan və Türkiyə arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi qadınların rəqabət qabiliyyətinin artırılmasına və onlar üçün yeni iqtisadi imkanların yaradılmasına əhəmiyyətli töhfə verə bilər”, – deyə o əlavə edib.
Lamiyə Xəlilovanın sözlərinə görə, iki ölkənin müvafiq qurumları və peşəkar birlikləri arasında əməkdaşlığın inkişafı qadın mütəxəssislərin təcrübə və bilik mübadiləsi aparması, beynəlxalq əlaqələrini genişləndirməsi və logistika sektorunda yeni təşəbbüslər irəli sürməsi üçün əlverişli zəmin yaradır.
Görüş çərçivəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi Azərbaycan və Türkiyə arasında logistika sahəsində peşəkar tərəfdaşlığın möhkəmləndirilməsi, eləcə də qadınların sektorda təmsilçiliyinin artırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Müxbir – Pərvanə Qafarova