Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH
Bakı, 12 oktyabr, AZƏRTAC
Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) sədrlik troykasını formalaşdırır. 2027-ci ildə sədrlik Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək. Bu ardıcıllıq təşkilat çərçivəsində fəaliyyətin davamlılığının təmin edilməsi, prioritet istiqamətlərin uzlaşdırılması və üzv dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik dövründə xarici siyasətini milli maraqlar, qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə dəstək və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurub. Ölkəmizin müxtəlif beynəlxalq və regional təşkilatlarda fəal iştirakı, tərəfdaş dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.
O bildirib ki, Azərbaycanın MDB-yə sədrliyi dövründə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı əsas diqqət yetirilə biləcək istiqamətlərdən biri kimi çıxış edə bilər: “Beynəlxalq nəqliyyat marşrutlarının səmərəliliyinin artırılması, gömrük və sərhəd prosedurlarının təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və tranzit əməliyyatlarının sürətləndirilməsi üzv dövlətlər arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər”.
Aydın Hüseynov əlavə edib ki, Orta Dəhlizin inkişafı Azərbaycanın beynəlxalq iqtisadi əlaqələr sistemində strateji əhəmiyyətini artıran əsas amillərdəndir.
“Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Avropaya uzanan bu marşrut yükdaşımaların şaxələndirilməsi və alternativ nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm rol oynayır. MDB məkanında iqtisadi əməkdaşlığın inkişafı yalnız nəqliyyat və logistika ilə məhdudlaşmamalıdır. Energetika, sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və humanitar əlaqələr də qarşılıqlı fəaliyyətin mühüm istiqamətləridir.
O qeyd edib ki, enerji təhlükəsizliyi məsələləri də regional əməkdaşlıq gündəliyində mühüm yer tutur. Azərbaycan həm ənənəvi enerji resurslarının, həm də bərpaolunan enerji potensialının inkişafı istiqamətində geniş imkanlara malikdir.
Onun sözlərinə görə, bu ölkələr arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx bağlantıların qurulmasına xidmət edir. Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələrin əməkdaşlığı yükdaşımaların təşkili, ticarət əlaqələrinin genişləndirilməsi, logistika infrastrukturunun əlaqələndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi baxımından mühüm potensiala malikdir.
A.Hüseynovun fikrincə, Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi ölkəmizin beynəlxalq platformalarda fəallığının artırılması ilə yanaşı, üzv dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin daha da möhkəmləndirilməsi baxımından da əhəmiyyətli olacaq. Azərbaycan özünün iqtisadi, nəqliyyat və diplomatik imkanlarından istifadə etməklə təşkilat daxilində konstruktiv dialoqun inkişafına, praktiki əməkdaşlıq layihələrinin təşviqinə və regional sabitliyin möhkəmləndirilməsinə töhfə verə bilər.