Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH
Bakı, 12 oktyabr, AZƏRTAC
Mərkəzi Asiya respublikaları ilə Azərbaycanın yaşıl enerji sahəsində əməkdaşlığı Xəzər dənizini yalnız neft və qazın daşındığı məkan deyil, həm də elektrik enerjisinin istehsalı, ötürülməsi və Avropa bazarlarına çıxarılması üçün strateji enerji dəhlizinə çevirmək potensialına malikdir. Azərbaycanın üstünlüyü Xəzər hövzəsindəki külək enerjisi ehtiyatlarını, bərpaolunan enerji istehsalını, mövcud elektrik şəbəkələrini və Avropa ilə enerji əlaqələrini birləşdirə bilməsidir. Bu amillər ölkəni Mərkəzi Asiyada istehsal edilən yaşıl elektrik enerjisinin qərbə ötürülməsində potensial regional qovşağa çevirir.
Bu fikri AZƏRTAC-a açıqlaması zamanı özbəkistanlı yaşıl enerji üzrə mütəxəssisi Furkat Kurbonov deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya respublikaları ilə Azərbaycanın yaşıl enerji sahəsində əməkdaşlığının strateji əhəmiyyəti üç əsas istiqamətdə cəmləşir: yaşıl enerjinin birgə istehsalı, Xəzər dənizi üzərindən elektrik enerjisinin tranziti və Avropa bazarlarına inteqrasiya.
“Burada söhbət əsasən 3 ölkənin Avropaya elektrik enerjisi ixracı potensialından gedir. Birinci, Özbəkistan həm Günəş və külək enerjisinə, həm də hidroenerji gücünün artırılmasına investisiya yatırır. Elmi araşdırmalarda ölkənin hidroenerji gücünün 2024-cü ildəki təxminən 2,1 giqavat səviyyəsindən 2030-cu ildə 5 giqavata çatdırılması hədəfi göstərilir. İkinci, Qazaxıstanda 2024-cü ildə külək, Günəş, kiçik su elektrik stansiyaları və bioenerji obyektləri ümumilikdə təxminən 7,56 teravat elektrik enerjisi istehsal edib. Bərpaolunan mənbələrin ölkənin ümumi elektrik istehsalındakı payı 6,4 faiz olub. Külək və Günəş stansiyaları gələcək ixrac dəhlizinin əsas mənbələrinə çevrilə bilər. Üçüncü, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə elektrik enerjisi istehsalı 28,66 teravat təşkil edib”, - deyə Furkat Kurbonov deyib.
Mütəxəssis nəzərə çatdırıb ki, ölkələrin enerji istehsalı potensialı öz növbəsində Avropaya enerji ixracı potensialı yaradır: “Azərbaycanla Mərkəzi Asiya arasında yaşıl enerji tranzitinin ən konkret istiqaməti Qazaxıstan və Özbəkistanla birlikdə hazırlanmaqda olan Yaşıl Enerji Dəhlizi layihəsidir. Artıq bu layihənin reallaşacağı şübhə doğurmur. Mərkəzi Asiya respublikaları ilə Azərbaycanın yaşıl enerji sahəsində əməkdaşlığı Xəzər hövzəsinin geoiqtisadi əhəmiyyətini yeni mərhələyə daşıya bilər. Qazaxıstan və Özbəkistanın inkişaf edən külək və Günəş enerjisi sektoru, hidroenerji resursları, Azərbaycanın bərpaolunan enerji potensialı, Avropaya çıxış imkanları regional enerji sistemlərinin inteqrasiyası üçün əlverişli baza yaradır. Uzunmüddətli perspektivdə Azərbaycanın strateji üstünlüyü yalnız yaşıl enerji istehsal etməkdə deyil, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında etibarlı, iqtisadi cəhətdən səmərəli və ekoloji baxımdan dayanıqlı elektrik enerjisi bağlantısı yaratmaqda olacaq”.