Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir
Bakı, 12 oktyabr, AZƏRTAC
Rəqəmsal texnologiyalar və süni intellekt Azərbaycanın sahib olduğu enerji resursları və əlaqə imkanları baxımından güclü bazaya malikdir. O, Data Mərkəzi və süni intellektin inkişafı üçün güclü potensial təmin edir, biz rəqəmsal hökumət və kağızsız ticarət sahəsində əməkdaşlıq imkanları görürük.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca biznes-forumunda deyib.
Onun sözlərinə görə, Kamboca ASEAN-ın üzvüdür və Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq sazişi Azərbaycan şirkətləri üçün Cənub-Şərqi Asiyaya açılan qapı rolunu oynaya bilər.
“Məhz buna görə də mən özəl və dövlət müəssisələrimizi bu sürətlə böyüyən bazarda mövcud olan imkanları daha yaxından nəzərdən keçirməyə çağırıram. Logistika operatorlarımız kommersiya baxımından uyğun marşrutları müəyyən etmək üçün birlikdə çalışmalıdırlar. Azad edilmiş ərazilərimizin irimiqyaslı bərpası yeni iqtisadi məkan yaradır. Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası azad edilmiş ərazilərdə artıq fəaliyyət göstərir və yaşıl enerji zonası kimi inkişaf etdirilən region investorlar üçün əlavə imkanlar yaradır. Mineral ehtiyatlar və mədənçilik sahələrində əməkdaşlıq bizim üçün digər potensial prioritet sahə kimi qiymətləndirilir. Azərbaycan şirkətlərinin həm ölkə daxilində, həm də xaricdə həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir. Bu imkanları layihələrə çevirmək üçün bizim aydın hüquqi bazaya, testlərə və izləmə mexanizmlərinə ehtiyacımız var. Bu gün biz ticarət və iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası çərçivə sazişini, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi imzaladıq. İnvestisiyaların qarşılıqlı qorunmasının təşviqi haqqında saziş hazırlıq mərhələsindədir və inanıram ki, tezliklə onu da həyata keçirəcəyik", - deyə nazir əlavə edib.