AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
Bakı, 12 oktyabr, AZƏRTAC
Qazaxıstan Respublikasının Aktau şəhərində Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində Xəzəryanı ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasının təşkilatçılığı ilə “Xəzər Oyunları” (Caspian Games) beynəlxalq idman tədbiri keçirilib. Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistanın ali təhsil müəssisələrini təmsil edən idmançıların qatıldığı yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti də iştirak edib.
Bu barədə AZƏRTAC-a AzTU-dan bildirilib. Boks müəllimi İsgəndər Rizayevin rəhbərliyi ilə AzTU-nun 7 tələbəsi yarışda mübarizə aparıb. Murad Mehtili, Asiman Allahyarlı, Ayan Allahverdiyeva, Leyla Ələkbərova, Vüsal Cəlilov, Əlabbas Abdullayev və Aqşin Əlizadə Azərbaycanı və universiteti uğurla təmsil ediblər. Yüngül atletika, voleybol, futzal, basketbol, üzgüçülük, karate-do, boks, şahmat və kibersport növləri üzrə keçirilən yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri yüksək nəticələr göstəriblər. Yarışın yekununda şahmatçılardan Aqşin Əlizadə 1-ci yeri tutaraq qızıl, Ayan Allahverdiyeva isə 3-cü yeri tutaraq bürünc medal qazanıb. Boks yarışlarında isə 74 kq çəki dərəcəsində mübarizə aparan Asiman Allahyarlı bürünc medala (3-cü yer) layiq görülüb.