® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
“Unibank” KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində “Xarici Ticarətin Maliyyələşdirilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirin əsas məqsədi xarici ticarətlə məşğul olan və bu istiqamətdə fəaliyyətini genişləndirməyi planlaşdıran yerli biznes nümayəndələrini ticarətin maliyyələşdirilməsi üzrə mövcud imkanlar, müasir maliyyə alətləri və beynəlxalq təcrübə ilə daha yaxından tanış etmək olub.
Tədbirin açılışında Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nataly Mouravidze və “Unibank”ın Baş Biznes İnzibatçısı Tahir Qəribov iştirakçıları salamlayaraq, tərəflər arasında əməkdaşlıq, biznes sektorunun maliyyələşdirilməsi və ticarətin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı ticarət əməliyyatlarının maliyyələşdirilməsi, bizneslərin beynəlxalq bazarlara çıxışı, ticarətin maliyyələşdirilməsi alətləri və bu prosesdə bankların rolu ətrafında müzakirələr aparılıb. Mərkəzi Bank tərəfindən müvafiq sahə ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, ABA tərəfindən həyata keçirilən tədbirlər barədə sahibkarlara məlumat verilib. Sahə üzrə ekspertlər beynəlxalq təcrübəni iştirakçılarla bölüşüb, biznes nümayəndələrinin sualları cavablandırılıb.
Tədbir çərçivəsində iştirakçılara “Unibank”ın ticarətin maliyyələşdirilməsi sahəsində biznes müştərilər üçün təqdim etdiyi imkanlar və yeniliklər barədə məlumat verilib, bankın bu istiqamətdə qarşıdakı hədəfləri bölüşülüb. Vurğulanıb ki, “Unibank” üçün korporativ müştərilərlə uzunmüddətli və dayanıqlı əməkdaşlığın inkişaf etdirilməsi, onların maliyyə ehtiyaclarına uyğun həllərin təqdim olunması və beynəlxalq ticarət imkanlarından daha effektiv istifadə etmələrinə dəstək göstərilməsi prioritet istiqamətlərdəndir.
AYİB ilə birgə keçirilən bu kimi tədbirlər biznes nümayəndələrinin xarici ticarətin maliyyələşdirilməsi sahəsində biliklərinin artırılmasına, beynəlxalq təcrübə ilə tanışlığına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir. Tədbirdə “Unibank” müştərisi olan 70-ə yaxın sahibkar iştirak edib.
“Unibank” haqqında
“Unibank” Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. “Unibank” Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan “Leobank”ı istifadəyə verib. Bank haqqında daha ətraflı: https://unibank.az/az
AYİB haqqında: AYİB üç qitədə 40 ölkədə özəl sektorun və sahibkarlıq təşəbbüslərinin inkişafını təşviq edən çoxtərəfli bankdır. Bank 77 ölkəyə, həmçinin Avropa İttifaqına və Avropa İnvestisiya Bankına məxsusdur. Ətraflı məlumat: www.ebrd.com