Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir
Bakı, 12 oktyabr, AZƏRTAC
Əhməd Yusifovun mundialın ilk günündə qızıl medal qazanması, növbəti gün isə Prezident İlham Əliyevin onunla görüşməsi digər idmançılarımıza böyük stimul oldu. İlk növbədə, dövlətimizin başçısının Azərbaycan idmanına, o cümlədən cüdoya göstərdiyi diqqət və qayğının, mənəvi dəstəyin əsasında biz bu nəticələri göstərə bilirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, bunun uzun bir proses olduğunu, təxminən bir ilə yaxındır yarışa hazırlışdıqlarını vurğulayıb: “Bu müddətdə Beynəlxalq Cüdo Federasiyasından hərtərəfli təşkilati dəstək gördük. Sözsüz ki, yarışın bu səviyyədə keçirilməsi Gənclər və İdman Nazirliyinin də dəstəyi olmadan mümkün ola bilməzdi.
Milli Olimpiya Komitəsi və digər dövlət orqanlarına da təşkilati prosesdə verdikləri dəstəyə görə minnətdarıq. Bu bir komanda işi idi və biz bir yerdə bu işi ən yüksək səviyyədə görə bildik”.
ACF rəsmisi mundialda qazanılan nəticələri yüksək qiymətləndirdiklərini bildirib: “Azərbaycan cüdosunun tarixində bir çox yeni rekordlara imza atılıb. Bir qızıl, iki gümüş, dörd bürünc medal və bir beşinci yer əldə etmişik. Səkkiz idmançımız final blokunda olub, yeddi çəki dərəcəsinin beşində medal qazanmışıq. İdmançılarımızdan beşi karyerasında ilk dəfə dünya çempionatının medalını əldə edib. Bütün bunlar heyətimizin dərinliyini göstərir. 2021-ci ilin noyabrında fəaliyyətə başlayarkən məqsədlərimizdən biri bütün çəki dərəcələrində heyətin dərinliyini yaratmaq idi. Hesab edirəm ki, bu gün kişilərdən ibarət komandamızda buna nail olduğumuzu deyə bilərik. Bu nəticələr bizim üçün növbəti mərhələnin start nöqtəsidir. İşimizi bundan sonra da davam etdirəcəyik. Bununla işimizi bitmiş hesab etmirik, dayanmaq fikrimiz yoxdur. Hər növbəti gündə dünənkindən daha yaxşı olmağa çalışacağıq və işlərimizi bu istiqamətdə quracağıq”.
R.Rəsullu qarşıda onları daha ciddi və böyük yarışların gözlədiyini söyləyib: “Ən əsası isə bizim üçün Los-Anceles Olimpiadasıdır. Bundan sonra bütün hazırlığımız əsasən Olimpiya Oyunlarına yönələcək. Bununla yanaşı, Avropa və dünya çempionatları və Masters kimi önəmli yarışları da nəzərə alacağıq. Dünya çempionatındakı nəticələrimiz göstərdi ki, düzgün istiqamətdəyik. İdmançılarımızın hərtərəfli inkişafı, xüsusilə kumikata, ne-vaza və digər elementlərdə irəliləyişləri göz önündədir”.
O, qadınlardan ibarət yığmanın nəticəsinə də toxunub: “Qadınlardan ibarət komandamız haqqında da bir neçə kəlmə demək istəyirəm. Bilirəm ki, gözləntilər çoxdur, amma vitse-prezident olaraq şəxsən mən inkişafı görürəm. İdmançılar artıq bir dəqiqəyə təslim olmurlar, sonadək mübarizə aparırlar. Xüsusilə komanda yarışında gördünüz ki, Avstriya kimi heç də zəif olmayan yığmanı 4:0 hesabı ilə məğlub etdik, iki idmançımız qalib gəldi. Yaxud yaponlarla görüşdə, 70 kiloqram çəki dərəcəsində idmançımız dünya çempionuna qarşı çox yaxşı mübarizə apardı. Halbuki əvvəllər bu, bizim üçün sadəcə arzu ola bilərdi. Bütün bunlar göstərir ki, qadınlardan ibarət komandamızda da düzgün istiqamətdə irəliləyirik. Sadəcə, bunun üçün daha çox vaxt lazımdır”.
Xatırladaq ki, Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları yeddi medalla bitiriblər. Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub. Zelim Tçkayev (81 kiloqram) və Uşanqi Kokauri (100 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıblar.