Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycanın qarşıdakı illərdə bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda sədrlik funksiyalarını həyata keçirməsi, eyni zamanda, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilk növbədə ölkəmizə göstərilən siyasi etimadın göstəricisidir. Bu, Azərbaycanın son illərdə həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasətin nəticəsidir. Ölkəmiz müxtəlif siyasi və geosiyasi qütblərlə münasibətlərini inkişaf etdirməklə yanaşı, ayrı-ayrı regional platformalar arasında dialoqu təşviq edən aktor kimi də tanınır. İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və Mərkəzi Asiya formatlarında fəallıq Azərbaycanın beynəlxalq gündəliyin formalaşdırılmasına təsir göstərən ölkə olduğunu nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
Onun sözlərinə görə, Azərbaycanın 2028-ci ildə MDB-yə ilk dəfə sədrlik etməsi yeni siyasi şərait baxımından xüsusi əhəmiyyət daşıyır. Digər mühüm istiqamət Mərkəzi Asiyadır. Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər faktiki olaraq yeni mərhələyə daxil olub. Burada siyasi yaxınlıqla yanaşı, Orta Dəhliz, Xəzər dənizi üzərindən nəqliyyat marşrutları, enerji, ticarət və logistika məsələləri xüsusi əhəmiyyət daşıyır.
Siyasi şərhçi bildirib ki, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü və TDT çərçivəsində əməkdaşlığın genişlənməsi ölkəmizin Xəzərin iki sahili arasında strateji körpü rolunu daha da gücləndirir. Azərbaycan əlverişli coğrafi mövqeyini siyasi və iqtisadi üstünlüyə çevirərək Mərkəzi Asiyanı Türkiyə və Avropa istiqamətləri ilə birləşdirən əsas halqalardan birinə çevrilmək imkanlarını genişləndirir.
Müxtəlif təşkilatlarda sədrlik Azərbaycanın fərqli siyasi məkanlar arasında əlaqələndirici rolunu artırır. İƏT Azərbaycan üçün İslam dünyası ilə əməkdaşlıq platformasıdırsa, TDT türk dövlətləri arasında inteqrasiyanın mühüm mexanizmidir. MDB postsovet məkanını, CICA isə daha geniş Asiya coğrafiyasını əhatə edir. Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi isə bu mənzərəyə Avropa istiqamətini əlavə edir.
Beləliklə, Azərbaycan eyni vaxtda Avropa, Asiya, Türk dünyası, İslam dünyası və postsovet məkanındakı müxtəlif platformalarla işləyə bilən azsaylı regional aktorlardan biri kimi çıxış edir. Bu imkan rəsmi Bakının beynəlxalq təşəbbüslər irəli sürməsi və müxtəlif tərəflər arasında dialoq üçün platforma təqdim etməsi baxımından əlavə siyasi resurs yaradır.
Siyasi şərhçi qeyd edib ki, bütün bunların fonunda qarşıdakı illər Azərbaycanın xarici siyasəti üçün yeni mərhələ kimi qiymətləndirilə bilər. "Əgər əvvəlki onilliklərdə əsas prioritetlərdən biri Ermənistan-Azərbaycan münaqişəsinin həlli və ölkənin ərazi bütövlüyünün təmin edilməsi idisə, indi yaranmış yeni şərait daha geniş regional və qlobal gündəliyə fokuslanmağa imkan verir.
Bu imkanlardan nəqliyyat bağlantılarının genişləndirilməsi, regional sabitliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və fərqli siyasi mərkəzlər arasında dialoqun təşviqi üçün istifadə olunur. Bu isə Azərbaycanın qarşıdakı illərdə regional və qlobal proseslərə təsir imkanlarını daha da genişləndirəcək", - deyə o əlavə edib.
Müxbir - Səbinə Əlizadə