“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Mənim atam qəhrəmandır” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova bildirib ki, artıq altı ildir fakültədə I kurs tələbələrinin iştirakı ilə “Mənim atam qəhrəmandır” adlı ənənəvi tədbir keçirilir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın qürur mənbəyidir. Qarabağ müharibəsi iştirakçıları, şəhid və qazilərin övladları ilə bu cür görüşlər bizə tələbələri daha yaxından tanımağa, onlara mənəvi dəstək olmağa imkan verir. Ali məktəb rəhbərliyi hər zaman onlara diqqət və qayğı ilə yanaşır”.
Tədbirdə fakültənin I kurs tələbələri - Xədicə İmanova, Nuray Məmmədova, Aytac Orucova, Ayan Eyyublu, Rəfiqə Yusifli, Zəhra Abdullayeva, Məlahət Ağazadə, Türkan Bayramova, Tuna Alışlı, Miri Sarxoşov və Sevgi Abbaslı çıxış edərək ailə üzvlərinin Qarabağ müharibəsində qəhrəmanlıq yolundan danışıb, videotəqdimatlar ediblər.
Çıxışlarda qeyd olunub ki, xalqımız Vətən uğrunda canından keçən igid övladlarının xatirəsini daim uca tutur, onların qəhrəmanlıqlarını dastanlarda, şeirlərdə və nəğmələrdə yaşadır. Bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması, şəhid və qazi övladlarına mənəvi dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.