Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir
Bakı, 12 oktyabr, AZƏRTAC
Məktəb yalnız biliklərin verildiyi məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin aşılandığı, davranış mədəniyyətinin və sosial məsuliyyət hissinin inkişaf etdirildiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan şagirdlər və müəllimlər üçün müəyyən edilmiş geyim tələblərinə əməl olunması təhsil mühitinin keyfiyyətinə təsir edən amillərdən biridir.
Bu fikirləri AZƏRTAC -a açıqlamasında Bakı şəhəri Məhəmmədhüseyn Şəhriyar adına 193 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Nihal Hacıyeva bildirib. Onun sözlərinə görə, vahid məktəbli geyimi, ilk növbədə, şagirdlər arasında bərabərlik və məktəbə mənsubiyyət hissinin gücləndirilməsinə xidmət edir. Uşaqların geyimlərinə görə fərqləndirilməsinin qarşısının alınması, diqqətlərinin xarici görünüşdən daha çox təhsilə, şəxsi inkişafa və qarşılıqlı münasibətlərə yönəldilməsi baxımından vahid geyim yanaşması mühüm əhəmiyyət daşıyır. Məktəbli forması, eyni zamanda, şagirdlərdə təhsil müəssisəsinə bağlılıq, kollektivin bir üzvü olmaq və ümumi qaydalara hörmət hissini möhkəmləndirir. Direktor qeyd edib ki, geyim qaydalarına əməl olunması məktəbdə nizam-intizam mədəniyyətinin formalaşmasına da töhfə verir. Uşaqlar məktəb həyatının ilk illərindən müəyyən edilmiş qaydalara riayət etməyi, özlərinə və ətrafdakılara hörmətlə yanaşmağı, ictimai mühitdə davranış normalarını gözləməyi öyrənirlər. Nihal Hacıyevanın fikrincə, burada əsas məqsəd yalnız geyim tələblərinə əməl olunmasını təmin etmək deyil, həm də şagirdlərdə məsuliyyət, intizam və özünənəzarət kimi keyfiyyətləri inkişaf etdirməkdir.
O vurğulayıb ki, məktəbdə müəyyən edilmiş qaydalara münasibət şagirdlərin tərbiyəsində, kollektiv daxilində münasibətlərin qurulmasında və sağlam təhsil mühitinin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə məktəb rəhbərliyi ilə yanaşı, müəllimlərin və valideynlərin də üzərinə məsuliyyət düşür. Uşaqlara qaydaların mahiyyətini izah etmək, onlara nümunə göstərmək və vahid tələblərə hörmət ruhunda yanaşmaq məktəb-ailə əməkdaşlığının əsas istiqamətlərindən olmalıdır.
Müxbir - Tünzalə Arazlı