Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
Bakı, 12 oktyabr, AZƏRTAC
Konkur üzrə “Omar” kuboku uğrunda yarışlar keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildirilib ki, hündürlüyü 105-110 santimetr olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında 19 atlı mübarizə aparıb. Onlardan 11-i maneələri cərimə balı toplamadan dəf edərək təkrar sıçrayış mərhələsinə vəsiqə qazanıb.
Təkrar yarışların nəticələrinə əsasən, Anar Hümbətov “Zirvə” atı ilə birinci yeri tutaraq baş kubokun sahibi olub. O, “Məğrur” atı ilə də çıxış edərək üçüncü nəticə göstərib. Cahangir Novruzbəyli “Naxış” atı ilə ikinci yeri tutub. Seyid Musayev “Parlaq” atı ilə dördüncü, Valeriya Roşenko isə “Fine Chocolate” adlı atla beşinci olub.
Hündürlüyü 130-135 santimetr olan maneələrin dəf edilməsi üzrə M* klass yarışlarında isə 7 konkurçu mübarizə aparıb. İlkin mərhələnin nəticələrinə görə, Anar Hümbətovun “Zirvə” atı üçüncü yeri tutub.
Seyid Musayevin “Zidane D” və Kənan Novruzovun “Miss Baloubet MNM” atları ilə çıxışları final mərhələsində gərgin mübarizə ilə yadda qalıb. Son sıçrayış zamanı ardıcıl iki maneəni aşıran Kənan Novruzov qələbə şansını itirərək ikinci yerlə kifayətlənib.
Beləliklə, M* klass yarışlarının qalibi Seyid Musayev olub.