Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq
Bakı, 12 oktyabr, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkəndin tikintisinin sürətləndirilməsi ilə bağlı investorlar və sahibkarlarla açıq dialoq aparıb.
AZƏRTAC UZA agentliyinə istinadla xəbər verir ki, üç il əvvəl başlayan Yeni Daşkənd tikinti layihəsi çərçivəsində hökumət infrastrukturun inkişafına və mühüm sosial obyektlərin tikintisinə böyük sərmayə qoyur. Bu günə qədər yeni şəhərə 2 milyard dollardan çox sərmayə yatırılıb. Lakin qeyd edilib ki, tikintidə özəl sektorun iştirak tempi mövcud imkanlarla ayaqlaşmır.
Yeni Daşkənd üçün ümumilikdə 20.000 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 6 min hektarlıq ərazi üçün 50 milyard dollar dəyərində layihələr planlaşdırılır. Hazırda tikinti dövlət vəsaiti hesabına 1000 hektardan çox ərazidə aparılır, 94 hektar isə sahibkarlara ayrılıb.
Prezident Mirziyoyev vurğulayıb: “Yeni Daşkənd yalnız yeni mənzil tikintisindən ibarət deyil. Yeni şəhərin biznes, təhsil, səhiyyə, turizm və xidmət sahələrini özündə cəmləşdirən müstəqil iqtisadi mərkəzə çevrilməsi nəzərdə tutulur. Bu baxımdan, investorlara ayrılan torpaq sahələrinin üçdə ikisi yaşayış layihələri üçündür və 28 sahədə aktiv tikinti işlərinin hələ başlamayıb”.
Cari ilin sonuna qədər Yeni Daşkənddə 20 minə yaxın mənzilin tikintisi planlaşdırılır. Bu, ən azı 70 min nəfər üçün yeni yaşayış sahələrinin yaradılmasına imkan verəcək. Özbəkistan Prezidenti vurğulayıb ki, mənzil tikintisi ilə paralel olaraq əhaliyə istirahət, idman, ticarət, təhsil və səhiyyə sahələrində zəruri xidmətlər göstərilməlidir.
Şəhərdə FIFA standartlarına cavab verən 55 min yerlik stadion da tikilir. Gələn il keçiriləcək FIFA U-20 Dünya Kuboku ilə əlaqədar olaraq, yerli hakimiyyət orqanlarına otellərə, iaşə müəssisələrinə və əyləncə obyektlərinə olan ehtiyacı qiymətləndirmək və sahibkarlara konkret investisiya təklifləri təqdim etmək tapşırılıb. Dəyəri 50 milyon dollardan çox olan hər bir layihəyə sərmayəçini dəstəkləyəcək nümayəndə təyin ediləcək. Bu layihələr, həmçinin tərəflərin öhdəliklərini və şərtlərini müəyyən edən ayrıca investisiya müqavilələrinə tabe olacaq.