“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
Bakı, 12 oktyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda folklorşünaslığın klassik nəzəri istiqamətləri ilə yanaşı, müasir humanitar elmdə tətbiq olunan metodoloji yanaşmalara da yer verilib.
Nəşrdə mifoloji məktəb, tarixi-coğrafi və müqayisəli-tarixi metodlar, funksionalizm, strukturizm, antropoloji yanaşma, arxetipik və psixoanalitik təhlillə yanaşı, performans nəzəriyyəsi, kontekstual folklorşünaslıq, narratologiya, mədəni yaddaş nəzəriyyəsi, gender folklorşünaslığı, dekolonial yanaşma, ekofolklorşünaslıq, posthumanizm, rəqəmsal etnoqrafiya və korpus folklorşünaslığı kimi istiqamətlər nəzərdən keçirilib. Nəşrdə internet folkloru, sosial şəbəkələrdə yayılan mətnlər, memlər, viral söyləmələr, rəqəmsal kommunikasiya və süni intellekt dövründə folklorun dəyişən xüsusiyyətləri də müasir tədqiqat problemləri kontekstində təqdim olunub. Bu yanaşma folklorun yalnız ənənəvi mühitlərdə qorunan irs olmadığını, yeni kommunikasiya vasitələri və texnoloji mühitlərdə də yarandığını, dəyişdiyini və yayıldığını göstərir.
Əsərdə Azərbaycan folklorunun janr və mövzu müxtəlifliyi də nəzəri-metodoloji baxımdan təhlil edilib. Epik, lirik və dramatik ənənələr, mərasim folkloru, uşaq folkloru, aşıq yaradıcılığı, dastanlar, xalq inancları, regional folklor və ənənəvi xalq bilikləri tədqiqatın əsas istiqamətlərini təşkil edir. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və məhəbbət dastanları folklorun strukturunun, mifoloji əsaslarının, poetikasının və mədəni yaddaşla əlaqələrinin öyrənilməsi baxımından nəzərdən keçirilib. Qarabağ, Naxçıvan, Zəngəzur və Borçalı folklor mühitlərinə də diqqət yetirilib.
Nəşr folklorşünaslar, filoloqlar, etnoqraflar, mədəniyyətşünaslar, müəllimlər, magistrlər və doktorantlar, eləcə də müasir humanitar elmlərin nəzəri-metodoloji məsələləri ilə maraqlanan tədqiqatçılar üçün nəzərdə tutulub.