Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupunun rəhbəri və üzvləri, eyni zamanda, özəl sektor nümayəndələri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, toplantıda “Qlobal İnnovasiya İndeksi – 2026” hesabatının nəticələri, Azərbaycanın İndeksdəki mövqeyi, metodologiyada edilən dəyişikliklər və müvafiq indikatorlar üzrə mövcud vəziyyət müzakirə olunub. Həmçinin bu dəyişikliklər nəzərə alınmaqla İşçi qrupunun növbəti il üçün Fəaliyyət Planının hazırlanması məsələsi nəzərdən keçirilib.
İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Qlobal İnnovasiya İndeksi – 2026” hesabatında Azərbaycanın mövqeyinin 9 pillə yaxşılaşaraq 85-ci yerə yüksəldiyini və bunun ölkənin İndeksdə indiyədək qeydə alınmış ən yüksək illik irəliləyiş olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın “Innovation Input” göstəricisi üzrə mövqeyi 65-ci yerdə olduğundan ölkənin yekun mövqeyi hələ də qaneedici deyil.
Rəşad Həsənov bir sıra indikatorlar üzrə məlumatların mövcud olmamasının Azərbaycanın real mövqeyinin tam qiymətləndirilməsini çətinləşdirdiyini qeyd edib. Həmçinin innovasiya sahəsinin sürətlə inkişaf etdiyini nəzərə alaraq, beynəlxalq rəqabətdə mövqeyimizi gücləndirmək üçün daha çevik və nəticəyönümlü addımların atılmasının əhəmiyyətini vurğulayıb.
Rəşad Həsənov İşçi qrupu tərəfindən növbəti ilin Fəaliyyət Planının hazırlanması prosesinə indidən başlanılmasını və aidiyyəti qurumların real nəticələrə müsbət təsir göstərən tədbirlərin müəyyən edilməsinin vacibliyini bildirib.
Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Qlobal İnnovasiya İndeksi – 2026” üzrə əldə olunan müsbət nəticə münasibətilə İşçi qrupunun üzvlərini təbrik edərək bu nailiyyətin aidiyyəti qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb.
O, “Qlobal İnnovasiya İndeksi”nə daxil olan indikatorların müvafiq hissəsinin icrasının təmin edilməsinə “Texnologiya və innovasiyalar” İşçi qrupunun cavabdeh olduğunu və işçi qrupun fəaliyyətinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Vüsal Şıxəliyev nəticələrin daha da yaxşılaşdırılması üçün zəruri addımların birgə müzakirə edilməsinin və 2027-ci il üzrə Fəaliyyət Planının qısa müddətdə hazırlanmasının vacibliyini vurğulayıb.
İclasda səsləndirilmiş fikirlər əsasında İşçi qrupu müvafiq təkliflər və qərarlar qəbul edib.
Məlumat üçün bildiririk ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).