“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
Bakı, 12 oktyabr, AZƏRTAC
Sabah tarixi görüş olacaq. Liqa mərhələsində ilk ev oyunumuza çıxacağıq. Ümid edirəm ki, stadion azarkeşlərimizlə dolar və biz də xalqımızı sevindirərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda Çexiyanın “Slaviya Praqa” klubuna qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibi yaxşı analiz etdiklərini söyləyib: “Ümid edirəm ki, maraqlı oyun alınacaq. Yaxşı hazırlaşmışıq. Xalqımızın qarşısında oynayacağıq və 3 xal qazanmaq istəyirik”.
Futbolçu Millətlər Liqasının matçlarından sonra özünü yorğun hiss etmədiyini bildirib: “Yorğunluq hiss etmirəm. Millətlər Liqasında qələbə qazandıqdan sonra böyük sevinc yaşadıq. Həmin qələbənin sevincini hələ də hiss edirəm. Ümidvaram ki, sabah da qalib gələrik. Hər şey qaydasındadır”.
Rəhman Daşdəmirov Bakı Olimpiya Stadionunda oynamağın üstünlüklərindən də danışıb. O, azarkeş tutumunun çox olmasının komandaya əlavə dəstək verəcəyini vurğulayıb: “Məncə, burada azarkeş tutumu böyük olduğuna görə dəstək də çox olacaq. Bu baxımdan, Bakı Olimpiya Stadionunun bizim üçün daha uyğun olduğunu düşünürəm. Düzdür, Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan futbolu üçün tarixi məkandır. Amma Bakı Olimpiya Stadionunun tutumu daha böyükdür. Azarkeşlər nə qədər çox olsa, komandaya dəstək də bir o qədər artar. Düşünürəm ki, bu, bizim üçün daha yaxşı olar”.
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.