İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan və İtaliya mədəniyyətlərinin bir-birinə nə qədər yaxın olduğunu çox aydın hiss etdim. Bundan əlavə, musiqi insanları həm birləşdirən, həm də onların ortaq məxrəcə gəlməsinə kömək edən inanılmaz dərəcədə güclü vasitədir.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində XXI Bakı Caz Festivalında iştirak edən tanınmış italiyalı caz vokalçısı, improvizasiya ustası və “sound teller” (səs vasitəsilə hekayələr danışan) Albert Era deyib.
“Musiqi müxtəlifliyimizə hörmət etməklə bir-birimizə yaxın olmağa imkan verir. Musiqi sülhə aparan təbii vasitədir. Bakı Caz Festivalına da məhz bu mesajla gəlmişəm”, – deyə caz ifaçısı bildirib.
Sənətçi xatırladıb ki, 2016-cı ildə ilk dəfə bu festivalda dəvətli qonaq qismində çıxış edib.
“İndi isə düz 10 il sonra yenidən buradayam və bir məsələyə qəti əminəm: Bakı həmişə mənə uğur gətirib və bu gün də gətirməkdə davam edir.
Əgər mən hələ də bu yolun bir hissəsiyəmsə, bu, daha çox Rain Sultanovun baxışları və musiqinin ənənəvi janrlarının hüdudlarından kənara çıxmağı bacarması sayəsindədir. Bakıda caz təkcə möhkəm ənənə və ya ilham mənbəyi deyil. O, cəmiyyətin özünə nüfuz edən, onu qidalandıran və həqiqi, saf enerji ötürən canlı qüvvədir”, – deyə müsahibimiz vurğulayıb.
A.Era insan səsini ritm, harmoniya və improvizasiya yaratmağa qadir olan müstəqil musiqi aləti kimi araşdırır.
Onun yaradıcılığında “CircleSongs” istiqaməti xüsusi yer tutur. O, 2009-cu ildə Bobbi MakFerrinlə əməkdaşlıq edib, 2010-cu ildə isə MakFerrinin “Vocabularies” layihəsinin dörd kompozisiyasının yazılmasında iştirak edib. “Albom “Qremmi” mükafatına üç nominasiyada namizəd göstərilib və “Image Awards”da dünya musiqisi üzrə ən yaxşı albom seçilib..
“Özünəməxsus “soundtelling” bacarığından bəhs edən musiqiçi bildirir ki, o, musiqi alətlərinin səsini təqlid etmir, əksinə, həmin səsləri daxilində yaşatmağa çalışır.
“Mən səsin içimdə sərbəst axmasına imkan verirəm. Yalnız təqlid etmək mənə maraqlı deyil. Mən hər gün səsin ən ilkin mahiyyətini araşdırmağı, kəşf etməyi, qəbul etməyi və dərk etməyi sevirəm. Məhz buna görə də sərbəst improvizasiyanı seçirəm. Bu, məhdudiyyətlərdən və əlavə çərçivələrdən azad bir məkandır. Burada səs sadəcə fikirlər, düşüncələr və daxili obrazlar yarada bilər. Məhz bu xüsusiyyətlər mənə bu gün özümü “sound teller”, yəni səs vasitəsilə hekayələr danışan insan adlandırmağa imkan verir”, – deyə italiyalı caz ifaçısı əlavə edib.
Müəllif – Anara Axundova