DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk
Tbilisi, 12 oktyabr, AZƏRTAC
Gürcüstanda fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində (DTM) yeni tədris ili başlayıb. Mərkəzdə Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetirilir.
AZƏRTAC xəbər verir ki, DTM-də yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan və gürcü dillərinin tədrisi kurslarına start verilib. Hər iki dil üzrə təşkil olunan dərslər bütün iştirakçılar üçün ödənişsizdir.
Mərkəzin rəhbəri Kamran Xıdırov AZƏRTAC-a bildirib ki, layihənin əsas məqsədi regionda yaşayan soydaşlarımızın təhsil imkanlarını genişləndirməkdir. Mərkəz bir tərəfdən dövlət dilinin — gürcü dilinin öyrənilməsi vasitəsilə yerli əhalinin cəmiyyətə inteqrasiyasını asanlaşdırmağı, digər tərəfdən isə ana dilimizin — Azərbaycan dilinin qorunub saxlanılmasını və gənc nəslə aşılanmasını qarşıya məqsəd qoyub.
DTM-də Azərbaycan dilinin tədrisi üzrə proqram xüsusi yanaşma ilə hazırlanıb. Kurslar çərçivəsində şagirdlərə yalnız qrammatik qaydalar deyil, eyni zamanda, ədəbi dil normaları, zəngin söz ehtiyatı və şifahi nitq bacarıqları öyrədilir. Bu dərslər regional mühitdə ana dilinin saflığının qorunması, uşaq və gənclərin öz milli-mədəni irsinə dərindən yiyələnməsi baxımından mühüm rol oynayır.
Dərslərin ödənişsiz əsaslarla təşkil olunması hər bir şagirdin təhsil imkanlarından bərabər şəkildə faydalanmasına şərait yaradır. Tədris ilinin davam edəcəyi müddətdə kursların əhatə dairəsinin daha da genişləndirilməsi və yeni qrupların cəlb olunması nəzərdə tutulur.
Kamran Xıdırov deyib ki, mərkəzdə ödənişli məntiq kursları da fəaliyyətə başlayıb. Burada uşaqların mənimsəmə keyfiyyətini yüksək səviyyədə saxlamaq üçün dərslər xüsusi metodika ilə keçirilir.