Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat
Bakı, 12 oktyabr, AZƏRTAC
İrlandiyanın Limerik Universitetinin yeni tədqiqatı iş yerlərində müşahidə olunan gender bərabərsizliyinin süni intellektlə qarşılıqlı əlaqələrdə də təkrarlana biləcəyini ortaya qoyub.
AZƏRTAC xəbər verir ki, Kemmy Biznes Məktəbinin nümayəndəsi Meri Hausfeldin həmmüəllifi olduğu araşdırma çərçivəsində 189 işçi virtual reallıq ofisində müxtəlif süni intellekt köməkçiləri ilə işlə bağlı tapşırıqları yerinə yetirib. İştirakçılar mətn əsaslı çatbot, masaüstü robot, eləcə də kişi və qadın görünüşündə təqdim olunan insanabənzər süni intellekt agentləri ilə qarşılıqlı əlaqə yaradıblar.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri eyni texnologiyadan istifadə edən süni intellekt agentlərinə fərqli münasibətin göstərilməsi olub. Belə ki, qadın görünüşündə təqdim edilən “Johanna” adlı süni intellekt agentinə eyni işi yerinə yetirməsinə baxmayaraq, kişi görünüşündə təqdim edilən “Johan”dan 10,25 faiz az pul mükafatı verilib.
Tədqiqatçılar bildiriblər ki, agentlərin əsas texnoloji imkanları eyni olsa da, onların təqdimat forması iştirakçıların etimadına, töhfələrinin qiymətləndirilməsinə və maddi mükafatlandırılmasına təsir edib.
Araşdırmanın həmmüəllifi Meri Hausfeld qeyd edib ki, nəticələr süni intellektin neytral qəbul edilməsinin həmişə insanların real davranışlarında öz əksini tapmadığını göstərir.
Onun sözlərinə görə, süni intellekt sistemlərinin necə dizayn edilməsi və təqdim olunması insanlararası münasibətlərdə mövcud olan fərziyyə və qərəzləri aktivləşdirə bilər.
Tədqiqat zamanı iştirakçıların söylədikləri ilə faktiki davranışları arasında da fərq müşahidə olunub. Belə ki, bir çox iştirakçı açıq şəkildə insanabənzər olmayan süni intellektlərə üstünlük verdiyini və köməkçinin cinsinin onlar üçün əhəmiyyət daşımadığını bildirib. Lakin onların sonrakı qiymətləndirmələri və mükafatlandırma qərarları dizayn xüsusiyyətlərinin davranışa təsir göstərə bildiyini ortaya qoyub.
Araşdırmada, həmçinin insanabənzər süni intellekt köməkçilərinə robotlarla müqayisədə daha çox etibar edildiyi və onların töhfələrinə görə daha çox təşəkkür edildiyi müəyyənləşdirilib.
Tədqiqatçıların fikrincə, süni intellektdən iş yerində əməkdaş və köməkçi rolunda daha geniş istifadə olunduqca, onun görünüşü və təqdimat forması yalnız estetik seçim kimi qiymətləndirilməməlidir. Bu xüsusiyyətlər insanların süni intellektə etimadına, onun fəaliyyətinin qiymətləndirilməsinə və hətta maddi baxımdan mükafatlandırılmasına təsir göstərə bilər.
Araşdırmanın nəticəsi Finlandiyanın Vaasa şəhərində keçiriləcək 14-cü Nordic İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi Konfransında təqdim olunacaq.
Müxbir - Günel Türksoy