Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında dünya dramaturgiyasının görkəmli nümayəndəsi Samuel Bekketin “Qodo intizarında” pyesi əsasında hazırlanan “Qodo həsrətində” adlı spektaklın premyerası olub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, böyük maraq və maraqla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Şövqi Hüseynovdur. Tamaşanın səhnə tərtibatı Zaur Abasova, səs rejissoru işi Zaur Rəşidova, işıq tərtibatı Vadim Kuskova, rejissor assistentliyi isə Nəsibə Canəliyevaya məxsusdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov və Elnur Bəhramxan, eləcə də aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı və Lalə Qarayeva ifa edirlər.
Tamaşanın süjet xəttinin mərkəzində varlığı qeyri-məchul olan Qodonu gözləyən Vladimir və Estraqon obrazları dayanır. Qodonun gəlişi uzandıqca tənha və çarəsiz qalan qəhrəmanların acınacaqlı həyatı, qorxu və ümidsizlikləri onları dəfələrlə təhlükəli addımlar atmağa sövq edir. Səhnə əsərində Qodonu gözləmək kəsişməsində xaos içində bir sığınacaq tapmaq cəhdi və Tanrıya inamın özünəməxsus forması kimi təqdim olunur.