İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Məktəbli forması yalnız geyim məsələsi deyil, həm də məktəb mühitində vahidlik, intizam və sosial bərabərlik baxımından əhəmiyyət daşıyır. Mövzu ətrafında internetdə və sosial şəbəkələrdə yaranan müzakirələr isə bəzən məsələnin mahiyyətindən uzaqlaşaraq əsassız hay-küyə çevrilir. Belə hallarda müzakirələrə qoşulanların bir qismi məsələyə birbaşa aidiyyəti olmayan şəxslər, digərləri isə ayrı-ayrı məqamları şişirdərək diqqət və auditoriya qazanmağa çalışan sosial şəbəkə istifadəçiləri olur.
Bunu AZƏRTAC-a açıqlamasında şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi deyib.
O diqqətə çatdırıb ki, bəzi hallarda bu müzakirələr ölkəmizə qarşı mənfi kampaniyaların tərkib hissəsinə də çevrilə bilər. Həssas məsələlərə münasibət bildirərkən məsuliyyətli və diqqətli olmaq xüsusilə vacibdir. Bu sahədə qərarların hazırlanmasında iştirak edən mütəxəssislərin, aidiyyəti qurumların mövqeyini və məsələnin mahiyyətini öyrənmədən qəti mühakimələr yürütmək düzgün yanaşma deyil. Hər hansı qərarı tənqid etməzdən əvvəl onun məqsədini, əsaslarını və gözlənilən nəticələrini anlamaq lazımdır”,- deyə İ.Fəhmi əlavə edib.
Müxbir – Fidan Əlizadə