“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə “Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi” mövzusunda ictimai müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimlinin sözlərinə görə, tədbirin əsas məqsədi ölkəmizə qarşı aparılan dezinformasiya müharibəsinə dair cəmiyyətə mühüm mesajlar çatdırmaq, eyni zamanda, bu təhdidlərə qarşı birgə fəaliyyətin daha səmərəli əlaqələndirilməsi imkanlarını müzakirə etməkdir.
Zaur İbrahimli əvvəlcə məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanatını səsləndirib.
Müzakirələr zamanı AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev, “Körpü” Türkman İrsi Mərkəzinin sədri Orxan İsayev, “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli və digər çıxışçılar bildiriblər ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdən biridir. Bu reallıq ölkəmizə qarşı qərəzli mövqedə olan bəzi qüvvələri narahat edir. Son dövrlərdə ideoloji təxribatların, xüsusilə sosial media platformalarında Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan təbliğatın aparılması bunun bariz nümunəsidir. Qeyd olunub ki, Azərbaycan ziyalıları hər zaman dövlətinin yanındadır və bu cür təxribatlara qarşı birlik nümayiş etdirərək mübarizəni davam etdirəcəklər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan qədim tarixə və zəngin dini-mədəni irsə malik unikal ölkədir. Tarix boyu ölkə ərazisində müxtəlif dinlər dinc yanaşı mövcud olub, Azərbaycan xalqı isə İslam mədəniyyətinin inkişafına mühüm töhfələr verib. Bununla belə, bəzi dairələrin Azərbaycanı guya İslam əleyhinə mövqedə olan dövlət kimi təqdim etməyə çalışdığı, bu məqsədlə sosial şəbəkələrdə və bəzi media resurslarında qərəzli məlumatların yayıldığı diqqətə çatdırılıb. Bildirilib ki, bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan dövləti milli-mənəvi dəyərlərə sadiqdir, dini irsin qorunmasına və inkişafına xüsusi diqqət yetirir. Xüsusilə qeyd edilib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə çoxsaylı məscidlər bərpa olunub, eyni zamanda, digər dinlərə məxsus dini-mədəni abidələrin də qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu yanaşma Azərbaycanın multikulturalizm və dini həmrəylik ənənələrinə sadiqliyinin bariz göstəricisidir.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.