Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Polşada soyuq silahdan istifadə etməklə məktəblərə hücumlar baş verdikdən sonra bazar ertəsi təhsil müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə genişmiqyaslı polis əməliyyatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Donald Tusk gənclər arasında zorakılığı artan tendensiya adlandırıb və onunla mübarizə aparacağını vəd edib.
“Reuters” agentliyinin yazdığına görə, hakimiyyət orqanları hücumların internetdə yayılan hansısa çağırış və ya mütəşəkkil qrupla əlaqəli olması barədə yayılan məlumatları təkzib edib. Bununla belə, Baş nazir Donald Tusk bazar günü keçirilən böhran müşavirəsində internet məkanında zorakılığın təbliğinin gənclərə mənfi təsir göstərdiyini bildirib.
“Biz həm Polşada, həm də bütün dünyada zorakılığa marağın artdığını müşahidə edirik... Zorakılığın artması ilə bağlı narahatedici tendensiyanın şahidiyik”, – deyə o bildirib. Baş nazir əlavə edib ki, nasist ideologiyasını təbliğ edən məzmun, “güc kultu” və zorakı kompüter oyunları bu tendensiyanın əsas amillərindəndir.
Daxili işlər naziri Marçin Kervinski bazar günü axşam saatlarında bildirib ki, oktyabrın 12-də məktəblərə 20 mindən çox polis əməkdaşı göndəriləcək.
“Polşalı uşaqlara qarşı hücumlara, eləcə də ictimai həyatın anarxiyaya sürüklənməsinə heç bir dözümlülük göstərilməyəcəyi barədə aydın mesaj verilməlidir”, – deyə o, dövlətə məxsus “TVP Info” telekanalına bildirib.
Bazar ertəsi polis cümə günündən etibarən 80 min təhsil müəssisəsində yoxlama apardığını və 135 nəfəri saxladığını açıqlayıb.
Polisin məlumatına görə, hadisələrdən biri zamanı bir oğlan “Roblox oyununda öz məktəbinin modelini yaradaraq şagirdlərə hücumları canlandırıb. Ondan odlu silah, döyüş sursatı və bıçaqlar aşkarlanıb.
Sonuncu hücum şənbə günü Varşavadakı kolleclərdən birində baş verib. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Cümə axşamı Varşavanın şimal-şərqində yerləşən Leşidul-Novina yaşayış məntəqəsindəki ibtidai məktəbdə də hücum olub. Dəbilqəsinə videokamera taxmış 15 yaşlı keçmiş şagird məktəbin təmizlik işçisini öldürüb, daha iki nəfəri yaralayıb. Çərşənbə günü isə paytaxtın şimalında yerləşən Ostrolenkadakı məktəbdə 19 yaşlı gənc özü də daxil olmaqla 10 nəfəri yaralayıb.