Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA
Bakı, 12 oktyabr, AZƏRTAC
Süni intellektin təhlükəsizliyini təmin etmək üçün yalnız ümumi qaydaların müəyyənləşdirilməsi kifayət deyil. Bu qaydaların informasiya sistemlərində necə tətbiq edilməsi, konkret təhlükəsizlik tədbirlərinin hansı formada həyata keçirilməsi və onların nəticələrinin ölçülməsi qaydaları da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun tədqiqatçısı Leyla Dadaşova AZƏRTAC-a açıqlamasında dosent Rahid Ələkbərlinin rəhbərliyi ilə hazırladığı süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunmasına dair elmi-tədqiqatından danışıb.
Tədqiqatçı qeyd edib ki, Azərbaycanda süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün doqquz əsas istiqaməti əhatə edən çərçivə təklif olunub. Araşdırmanın əsas xüsusiyyətlərindən biri süni intellektin idarə olunması ilə bağlı ümumi prinsiplərin konkret təhlükəsizlik tədbirlərinə çevrilməsinə diqqət yetirilməsidir. Tədqiqatda, həmçinin təhlükəsizlik hadisələrinin müəyyənləşdirilməsi və onların aradan qaldırılmasına sərf olunan vaxtın ölçülməsi üçün göstəricilərin tətbiqi təklif olunur. Bu yanaşma süni intellekt sistemlərinin təhlükəsizliyinin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsinə imkan verir.
Araşdırmada beynəlxalq təcrübə ilə yanaşı, Azərbaycanın mövcud hüquqi və strateji sənədləri də nəzərə alınıb. Təklif olunan yanaşma 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası, 2023–2027-ci illər üçün İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası və kritik informasiya infrastrukturlarının mühafizəsi ilə bağlı normativ çərçivə ilə əlaqələndirilib.
Sözügedən elmi-tədqiqat AzTU-nun Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunda süni intellektin idarə olunması və kibertəhlükəsizliyin idarə olunması istiqamətlərində aparılan elmi araşdırmaların nəticələrindən biridir. İnstitutun fəaliyyəti elmi-tədqiqatla yanaşı, kibertəhlükəsizlik və müdafiə texnologiyaları sahəsində ən yeni texnoloji yeniliklərin tədris proqramlarına inteqrasiyasına, yeni tədris və tədqiqat istiqamətlərinin inkişafına, akademik kadr potensialının yaradılması və gücləndirilməsinə, eləcə də bu sahələr üzrə yeni elmi, texnoloji və peşəkar potensialın formalaşdırılmasına yönəlib.