Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Kamboca arasında biznes əlaqələrinin inkişafı, qarşılıqlı investisiyaların təşviqi və yeni tərəfdaşlıqların qurulması baxımından biznes-forumu mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan nümayəndə heyətinin rəsmi təmsilçisi Yusif Abdullayev Azərbaycan-Kamboca biznes-forumunda deyib.
O bildirib ki, son illərdə Azərbaycan əhəmiyyətli iqtisadi transformasiyaya nail olub, infrastrukturunu inkişaf etdirib, iqtisadiyyatını gücləndirib və beynəlxalq investisiyalar üçün yeni imkanlar yaradıb.
“Azərbaycan Cənubi Qafqazın mühüm nəqliyyat, logistika və iqtisadi mərkəzlərindən birinə çevrilib. Bununla yanaşı, ölkədə neft-qaz sektorundan kənar sahələrin inkişafına da xüsusi diqqət yetirilir. Bu istiqamətlərdə Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Forumda Azərbaycanın ticarət, ixrac, istehsal, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrini təmsil edən təxminən 80 şirkəti iştirak edir. Kamboca tərəfindən isə bank və maliyyə xidmətləri, turizm, informasiya-kommunikasiya texnologiyaları, energetika, daşınmaz əmlak, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması sahələrində fəaliyyət göstərən 16 şirkətin nümayəndəsi tədbirə qatılıb. Müxtəlif sektorları təmsil edən şirkətlərin iştirakı iki ölkə arasında əməkdaşlıq imkanlarının geniş olduğunu və tərəfdaşlığın ayrı-ayrı sahələrlə məhdudlaşmadığını göstərir”, - deyə Yusif Abdullayev əlavə edib.