Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici dövlət borcunun ÜDM-dəki payının təxminən 5,6 faiz təşkil etməsi, ilk növbədə, ölkənin borc yükünün kifayət qədər aşağı səviyyədə olduğunu göstərən mühüm makroiqtisadi göstəricidir. Dünya iqtisadiyyatına nəzər yetirdikdə görürük ki, bir sıra iri və inkişaf etmiş iqtisadiyyatlarda dövlət borcu artıq trilyon dollarla ölçülür və bəzi hallarda onun ÜDM-ə nisbəti olduqca yüksək səviyyəyə çatır. Bu baxımdan Azərbaycanın xarici dövlət borcunun ÜDM-də belə kiçik paya malik olması həqiqətən də diqqətçəkən göstəricidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə səsləndirib.
Ölkələrin borc vəziyyətini yalnız borcun nominal, yəni dollarla ifadəsi ilə müqayisə etməyin iqtisadi baxımdan bir o qədər də doğru yanaşma olmadığını qeyd edən A.Əzimzadə əlavə edib: “Məsələn, böyük iqtisadiyyatların trilyonlarla dollar borcu ola bilər, lakin həmin ölkənin ÜDM-i, büdcə gəlirləri və maliyyə bazarlarının həcmi də çox böyük ola bilər. Buna görə dövlət borcunun qiymətləndirilməsində əsas göstəricilərdən biri onun məhz ÜDM-ə nisbəti, digər mühüm məsələlər isə borca xidmət xərcləri, borcun valyuta və müddət strukturu, dövlətin gəlirləri və ölkənin maliyyə ehtiyatlarıdır. Azərbaycanın vəziyyətində əsas üstünlüklərdən biri məhz borcun iqtisadiyyatın ölçüsü ilə müqayisədə aşağı olmasıdır. Aşağı borc yükü dövlət büdcəsinin borca xidmət üçün böyük həcmdə vəsait ayırmaq məcburiyyətini azaldır və nəticədə büdcə resurslarının sosial siyasətə, infrastruktura, insan kapitalına, iqtisadiyyatın diversifikasiyasına və digər prioritet istiqamətlərə yönəldilməsi üçün daha geniş imkanlar yaradır. Digər mühüm məsələ Azərbaycanın malik olduğu strateji valyuta ehtiyatlarıdır. Xarici dövlət borcunu ölkənin maliyyə aktivləri və valyuta ehtiyatları ilə birlikdə qiymətləndirdikdə Azərbaycanın mövqeyi daha aydın görünür. Ölkənin strateji valyuta ehtiyatlarının xarici dövlət borcunu əhəmiyyətli dərəcədə üstələməsi dövlətin xarici öhdəliklərini yerinə yetirmək imkanlarının yüksək olduğunu göstərir”.
Ekspertin sözlərinə görə, Azərbaycanın xarici borcu yalnız ÜDM ilə müqayisədə deyil, mövcud maliyyə ehtiyatları fonunda da kifayət qədər idarəolunan səviyyədədir. Bu səbəbdən Azərbaycan maliyyə imkanları baxımından xarici dövlət borcunu qısa müddət ərzində ödəyə biləcək potensiala malikdir. Lakin burada bir məsələyə diqqət yetirmək lazımdır: dövlətin borcu ödəmək imkanının olması həmin borcun dərhal və tam şəkildə bağlanmasının iqtisadi cəhətdən məqsədəuyğun olması demək deyil. Dövlət borcu özlüyündə mənfi iqtisadi hadisə də deyil. Əsas məsələ borcun hansı şərtlərlə cəlb edilməsi, hansı layihələrə yönəldilməsi və həmin vəsaitlərin gələcəkdə iqtisadi artıma nə qədər töhfə verməsidir. Nəticə etibarilə, ÜDM-in təxminən 5-6 faizinə bərabər xarici dövlət borcu Azərbaycanın makroiqtisadi və fiskal mövqeyinin mühüm xüsusiyyətlərindən biridir. Ölkənin kifayət qədər maliyyə ehtiyatlarına malik olması xarici öhdəliklərin yerinə yetirilməsi baxımından əlavə təhlükəsizlik yaradır. Azərbaycanın qarşısında duran əsas məsələ borcu minimuma endirmək deyil, aşağı borc yükünü qorumaq, borclanmanı səmərəli layihələrlə əlaqələndirmək və mövcud maliyyə ehtiyatlarından uzunmüddətli iqtisadi inkişaf məqsədləri üçün optimal şəkildə istifadə etməkdir. Bu baxımdan Azərbaycanın aşağı xarici dövlət borcu yalnız cari maliyyə sabitliyi deyil, həmdə gələcək iqtisadi siyasət üçün mövcud olan fiskal manevr imkanlarının göstəricisi kimi qiymətləndirilə bilər.