Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Vahid məktəbli forması yalnız nizam-intizam yaratmaq məqsədi daşımır. Onun psixoloji, sosial və digər tərəfləri də var. Xüsusi olaraq müəyyən edilmiş forma şagirdlərdə özünəinamı formalaşdırır, davranışa təsir edir, akademik göstəricilərin yüksəlməsinə dəstək olur.
Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı şəhəri 83 nömrəli məktəb-liseyin psixoloqu Aynur Məmmədova bildirib. Onun sözlərinə görə vahid məktəbli forması təkcə nizam-intizam yaratmaq məqsədi daşımır, onun həm də psixoloji, sosioloji və digər tərəfləri var: “Xüsusi, hər hansı təyin olunmuş forma özünəinamı formalaşdırır, birbaşa davranışa təsir edir, akademik biliklərə göstəricilərə, akademik göstəricilərin yüksəlməsinə təsir edir. Xüsusilə yeniyetməlik yaşı dövründə şagirdlər əgər sərbəst formada gəlmək istəyirlərsə, düşünürəm ki, burada hər gün səhər eyni nigarançılıq, eyni narahatçılıq olur: bu gün mən necə geyinim? Çünki bilirik ki, yeniyetməlik yaşı dövründə həmyaşıdlarının fikri daha önəmli olur. Bu da uşaqları çətinliyə salır: mən başqaları tərəfindən necə qəbul olunacağam, mənim geyimim bəyəniləcəkmi? Birbaşa nizam-intizamın tənzimlənməsində digər rolu isə şagird üçün uyğun olmayan aksesuarlar, istər bəzək əşyaları istər vizual görünüş oynayır. Bu da qanunla tənzimlənir.
“Biz bilirik ki, bunun iqtisadi tərəfləri də var, yəni ailələr əgər sərbəst geyim olarsa, hər hansı bir xüsusi brend təşkil eləyən geyimlər geyinə bilər və digər iqtisadi cəhətdən zəif olan ailənin övladı həmin o şagird qruplarından özünü kənarlaşdırılmış, sıxılmış hiss edər və məktəblə arasında müəyyən bir məsafə yarana bilər”, - deyə A.Məmmədova qeyd edib.
O əlavə edib ki, bütün dünyada istər inkişaf etmiş ölkələr olsun, istər inkişafda inkişaf yolunda olan ölkələr olsun, bu ölkələrin hamısında məktəblərdə vahid məktəbli geyimi var. Çünki bu bir nizam-intizam göstəricisi və akademik biliklərin təməlinə dəstək olan bir ciddiyyət kimi qəbul olunur. Daha ciddi görkəmdə olan, daha peşəkarcasına öz sənətinə vurğun olan müəllim elə geyimində də xüsusilə seçilir, yəni uşağın diqqətini cəlb etməmək şərti ilə səliqəli geyim tərzi onun nüfuzunun artmasına da səbəb olur. Yəni ciddi bir görkəmdə olan müəllim şagirdlər tərəfindən daha intizamlı qəbul olunur. Müəllim şagirdə səliqəli, təmizlik, ölçülülük, peşəkarlıq, özünə və başqalarına hörməti yalnız sözlə deyil, görünüşü, davranışı, hərəkəti ilə də ötürür.