Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir
Bakı, 12 oktyabr, AZƏRTAC
Qlobal təchizat zəncirləri inkişaf etdikcə, biznesin getdikcə etibarlı, səmərəli və dayanıqlı nəqliyyat marşrutlarına ehtiyacı yaranır.
AZƏRTAC xəbər verir ki, bu sözləri AZCON Holding-in icraçı direktoru Şahin Babayev Azərbaycan-Çexiya biznes forumunda deyib.
O bildirib ki, Azərbaycan Şərq-Qərb dəhlizinə əhəmiyyətli dərəcədə sərmayə qoymaqla Şimal-Cənub əlaqələrindəki rolunu gücləndirir. Dəmir yolları, limanlar və logistika infrastrukturlarına qoyulan investisiyalarla dəstəklənən bu marşrutların kəsişməsindəki strateji mövqeyimiz beynəlxalq ticarət üçün mühüm imkanlar yaradır: "Məqsədimiz sadəcə tranzit dəhlizi olmaq deyil, həm də biznes və investorlar üçün dəyər yaradan regional logistika mərkəzinə çevrilməkdir. İnanırıq ki, Çexiya şirkətləri texnologiya, mühəndislik təcrübəsi və uzunmüddətli sənaye tərəfdaşlığı vasitəsilə bu inkişafa töhfə verə bilərlər".
Ş.Babayev qeyd edib ki, Çexiya Respublikasının güclü mühəndislik və sənaye ənənəsi var, Azərbaycan isə dəmir yolu sisteminin modernləşdirilməsini, rəqəmsallaşdırılmasını və əməliyyat səmərəliliyinin artırılmasını davam etdirir: “Buna görə də dəmir yolu mühəndisliyi avadanlığı, innovativ texnologiyalar və modernləşdirmə layihələri üzrə əməkdaşlıq üçün potensial mövcuddur. İqtisadi əlaqələrimizin gücləndirilməsi üçün hava əlaqəsi də eyni dərəcədə vacibdir. Azərbaycan Hava Yolları Bakı-Praqa xətti üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. Uçuşların ümumi sayının cari ildə 194-ə çatacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 14 faiz artım deməkdir. Bu artım işgüzar səyahətləri, turizmi və insanlar arasındakı əlaqələri dəstəkləyir”.
Foto - Orxan Kərimov