Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan dünyəvi dövlətdir və bu prinsip Konstitusiyada təsbit edilib. Dünyəvilik dövlətin dinlər qarşısında neytral olması, dinin dövlətdən ayrılması, bütün vətəndaşların vicdan və dini etiqad azadlığına hörmət edilməsi deməkdir. Dövlət məktəblərində vahid geyim qaydasının tətbiq olunması başadüşüləndir. Bu qaydalar Nazirlər Kabinetinin müvafiq qərarları ilə həm təhsilalanlar, həm də təhsilverənlər üçün müəyyən edilib. Təəssüf ki, müxtəlif qüvvələr məsələnin mahiyyətini dəyişdirərək onu siyasiləşdirməyə cəhd göstərir. Son günlər bəzi hallarda daha radikal addımların atılması, zorakılıq, ictimai asayişin pozulması, şəxsi və dövlət əmlakına ziyan vurulması kimi halların baş verməsi isə yolverilməzdir.
Bunu AZƏRTAC-a açıqlamasında Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib.
Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyini, ölkədə mövcud olan sabitliyi və əmin-amanlığı qəbul etmək istəməyən müxtəlif qüvvələrin belə həssas məsələləri siyasiləşdirməyə cəhd göstərməsi və cəmiyyətdə qarşıdurma yaratmağa çalışması qəbuledilməzdir.
“Xüsusilə narahatlıq doğuran məqam isə məktəblilərin bu proseslərə cəlb olunmasıdır. Uşaqlar siyasi və sosial qarşıdurmaların tərəfinə çevrilməməli, onların təhsil almaq, təhlükəsiz mühitdə böyümək və gələcəklərini qurmaq hüquqları qorunmalıdır. Hesab edirik ki, bütün mübahisəli məsələlər qanunun aliliyi, qarşılıqlı hörmət, ictimai dialoq və hüquqi mexanizmlər çərçivəsində həll olunmalıdır. Təhsil müəssisələrində geyim qaydalarının tətbiqinə dair aydın hüquqi izahların aparılmasını, valideynlər, məktəb rəhbərləri, hüquqşünaslar, aidiyyəti dövlət qurumları və müvafiq vətəndaş cəmiyyəti təşkilatları arasında məsləhətləşmələrin təşkil olunmasını, ixtisaslaşmış vətəndaş cəmiyyəti nümayəndələrinin məktəblərdə aparılan monitorinqlərə cəlb olunmasını məqbul hesab edirik. Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və inklüziv cəmiyyətin qurulması istiqamətində fəaliyyət göstərən, sıralarında əlilliyin müxtəlif sahələri üzrə ixtisaslaşmış 47 qeyri-hökumət təşkilatını birləşdirən Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı olaraq vətəndaşlarımızı bu məsələdə diqqətli olmağa, emosiyalara qapılmamağa, qarşıdurma və zorakılıqdan uzaq durmağa çağırırıq. Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir”, - deyə D.Rəhimli bildirib.
Müxbir – Göyçək Mahmudlu