Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə mətbuata açıqlamasında iki dövlətin beynəlxalq təşkilatlar daxilində əməkdaşlığını, qarşılıqlı dəstəyini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi imkanlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı bu məqsədlə birgə işçi qrupunun yaradıldığını vurğulayaraq, coğrafi məsafənin müasir dünyada əməkdaşlığa ciddi maneə olmadığını qeyd etdi. Dedi ki, əsas məsələ qarşılıqlı məlumatlılığı artırmaq, iqtisadi potensialı və investisiya imkanlarını düzgün qiymətləndirməkdir. Eyni zamanda ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına da xüsusi yer ayıran Prezident İlham Əliyev sovet dövründə yüzlərlə kambocalı gəncin Azərbaycanda ali təhsil aldığını xatırladaraq bu ənənənin bərpasının vacibliyini bildirdi.
“Azərbaycanın uğurlu idarəetmə təcrübəsi olan “ASAN xidmət” modelinin Kambocada maraq doğurması da əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Bu təcrübənin paylaşılması dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına və Azərbaycan-Kamboca münasibətlərinin yeni məzmunla zənginləşməsinə töhfə verə bilər.
Dövlətimizin başçısı, həmçinin parlamentlərarası əlaqələrin inkişafını, Azərbaycanın Kambocanın dəstəyi ilə ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsini və mina probleminin müzakirəsini qeyd etdi. “Bu məsələlər ikitərəfli münasibətlərin siyasi dialoqla yanaşı, regional əməkdaşlıq və humanitar təhlükəsizlik baxımından da əhəmiyyət daşıdığını göstərir”, - deyə deputat diqqətə çatdırıb.
Onun sözlərinə görə, bəyanatın mühüm istiqamətlərindən biri sülh və təhlükəsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət məsələləri idi. Prezident İlham Əliyev mətbuata bəyanatda səsləndirdiyi fikirlər Azərbaycanın mövqeyini - suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquqa sadiqlik prinsiplərini bir daha aydın ifadə edib.
“Kamboca Baş nazirinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata açıqlamaları yalnız ikitərəfli münasibətlərin inkişaf perspektivlərini əks etdirmədi, eyni zamanda, Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakteri, dövlətlərarası əməkdaşlığın imkanları və müasir beynəlxalq münasibətlərin əsas prinsipləri haqqında aydın təsəvvür yaratdı”, - deyə Səbinə Xasayeva qeyd edib.