“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
Bakı, 13 oktyabr, AZƏRTAC
Bakıda XXI Bakı Caz Festivalı uğurla keçirilib. Bu il festivalda 12-dən çox ölkədən musiqiçilər iştirak ediblər. Xarici sənətçilərin ifasında klassik caz və improvizasiyalardan tutmuş rok və etnocazadək müxtəlif musiqi proqramları təqdim olunub.
Festival boyunca AZƏRTAC-ın müxbiri musiqiçilərlə söhbət edərək onların Azərbaycana səfəri və XXI Bakı Caz Festivalında iştirakdan aldıqları təəssüratlarını öyrənib.
Linli Mart (Fransa)
Festivalın açılışında Fransanın “FR33 ROOTS” qrupu çıxış edib. Qrupun heyətinə Linli Mart (bas-gitara), Samuel Appapule (klavişli alətlər) və Deodato Sikvayr (zərb alətləri) daxil olublar. Bu kollektivin rəhbəri Linli Martın Azərbaycana ilk səfəri deyil.
“Azərbaycana beşinci, ya altıncı dəfədir gəlirəm və bu festivalı həqiqətən çox sevirəm. Burada möhtəşəm tamaşaçılar və əla komanda var. Bakı Caz Festivalının təsisçisi Rain Sultanov və onunla çalışan insanlar mənim burada olan böyük bir ailəm kimidir. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Məhz buna görə də Bakıya həmişə böyük məmnuniyyətlə gəlirəm. Burada özümü çox yaxşı hiss edirəm”, – deyə bas-gitara ifaçısı vurğulayıb.
Voytek Piliçovski (Polşa)
Festivalın xüsusi qonağı və “Baku Jazz Festival-2026”nın əsas ifaçılarından biri olan bas-gitaraçı Voytek Piliçovski yadda qalan konsertlərdən birini təqdim edib. Musiqiçi Tomas Madzelevski (zərb alətləri), Filip Xoynatski (klavişli alətlər) və Lukaş Rudkeviçdən (gitara) ibarət qrupu ilə birlikdə səhnəyə çıxıb.
Voytek Piliçovski səhnədən tamaşaçıları Azərbaycan dilində salamlayıb, gurultulu alqışlara görə də bir neçə dəfə Azərbaycan dilində təşəkkür edib. Qrup tamaşaçıların tələbi ilə yenidən səhnəyə qayıdaraq əlavə ifa edib. Polşalı musiqiçi səhnəyə çıxmazdan əvvəl Azərbaycan cazını çox maraqlı hesab etdiyini bildirib və Rain Sultanovun yaradıcılığını xüsusi qeyd edib.
“Rain heyrətamiz musiqiçidir. Onun musiqisini çox bəyənirəm”, – deyə həmsöhbətimiz əlavə edib.

Ledi Linn (Belçika)
XXI Bakı Caz Festivalı çərçivəsində daha bir yaddaqalan konserti belçikalı vokalçı və mahnı müəllifi Ledi Linn təqdim edib. O, saksofonçu Mark De Mazenir ilə duet şəklində çıxış edib.
Sənətçi festivalın təşkilatçılarına və səs rejissorlarına səmimi təşəkkürünü bildirib. O, səhnə arxasında ifaçılara kömək edən könüllülərdən ibarət komandanı xüsusi vurğulayıb. Ledi Linn könüllülərdən olan Fidan adlı bir gənc qızın səhnəyə çıxmazdan əvvəl onun üzünə parıltılı makiyaj etməsi ilə bağlı təsirli bir əhvalat da danışıb.
“Bu gənclər möhtəşəmdirlər. Onlar çox işləyirlər. Hətta çıxışa hazırlaşmağıma da kömək etdilər – üzümü parıltılar və strazlarla bəzədilər. İndi üzüm işıldayır. Nəticə çox xoşuma gəldi. Bundan sonra çıxışlarımdan əvvəl həmişə üzümə belə parıltılar çəkəcəyəm”, – deyə vokalçı gülərək bildirib.

Ayven Mazuze (Norveç)
Mozambikəsilli norveçli saksofonçu Ayven Mazuze festivalın bağlanışında çıxış edib. Konsert Bakının mərkəzində – İçərişəhərdə, Qız qalasının yaxınlığında keçirilib. Ayven Mazuze ilə birlikdə səhnəyə Tural Rafael (klavişli alətlər), Mayk Cerard (bas-gitara) və Rui Lopes-Nussa (zərb alətləri) çıxıblar.
Ayven Mazuze Bakıda keçirilən festivalda iştirak etməkdən, xüsusilə də onun bağlanış konsertində çıxış etməkdən çox məmnun olduğunu bildirib.
“Bu, möhtəşəm festivaldır. Proqramla tanış olmuşam, burada çox gözəl musiqiçilər çıxış edirlər. Belə möhtəşəm auditoriya qarşısında ifa etmək mənim üçün böyük zövqdür. Səs yoxlanışı zamanı insanlar toplaşaraq bizi alqışladılar. Bakıya ilk dəfədir gəlirəm. Bu festivalda mənimlə birlikdə çıxış edən dostum Tural mənə şəhəri göstərdi. Buranın çox xoşuma gəldiyini demək belə azdır. Hətta Bakıya köçməyi də düşünürəm (gülür). Bura çox gözəldir və dünyanın ən dadlı yeməkləri burada hazırlanır. Bir çox ölkələrdə olmuşam, amma heç vaxt bu qədər dadlı yeməklər yeməmişəm. Ən əsası, əlbəttə ki, insanlardır. Onlar çox istiqanlı və mehribandırlar. Buna görə də özümü evimdəki kimi hiss edirəm”, – deyə musiqiçi təəssüratlarını bölüşüb.

Bakı Caz Festivalının təsisçisi, tanınmış saksofonçu və bəstəkar, Əməkdar artist Rain Sultanov isə festivalın mütləq gələn il də keçiriləcəyini bildirib.
“Əlbəttə, artıq 22-ci Bakı Caz Festivalını gözləyəcəyik. Biz bu festivalı şəhərimiz, bakılılar və paytaxtımızın qonaqları, eləcə də bütün caz həvəskarları üçün böyük məmnuniyyətlə keçiririk”, – deyə Rain Sultanov fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, festivalın son iki günü açıq havada – İçərişəhərdə, Qız qalasının yaxınlığında keçirilib. Açıq hava konsertləri Bakı sakinləri və şəhərin qonaqları üçün əsl sürpriz olub. Konsertlərə giriş sərbəst olub. Arzu edən hər kəs iyirmi ildən artıqdır davam edən və musiqi həvəskarlarına unudulmaz anlar yaşadan caz bayramına qoşulmaq imkanı əldə edib.
Müəllif – Anara Axundova