Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 8-dən İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş qərargahında 6-cı illik Ümumdünya Ərzaq Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, “Bu gün innovasiya edin. Sabah üçün qidalanma təmin olsun” mövzusu altında keçirilən builki Forum uyğun həlləri dəstəkləmək üçün gənclər, siyasətçilər, elm adamları, innovatorlar, investorlar və tərəfdaşlar arasında dialoq və əməkdaşlıq üçün qlobal platforma təmin edir.
Forumun rəsmi açılış mərasimində çıxış edən FAO-nun Baş direktoru Qu Dongyu ərzaq təhlükəsizliyi məsələsinə toxunub və bu gün tətbiq edilən yeni texnologiyaların, istifadə olunan ənənəvi biliklərin gələcəkdə dünyanı həqiqətən qida ilə təmin edə bilib-bilməyəcəyini müəyyən edəcəyini vurğulayıb.
Açılış mərasimində bir sıra ölkələrin dövlət başçılarının çıxışı dinlənilib.
Açılış mərasiminin mədəni seqmentində Azərbaycanın İtaliyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrindən ibarət gənc rəqqaslar qrupu dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Cəngi” rəqsini ifa ediblər.