Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
Bakı, 13 oktyabr, AZƏRTAC
Təəssüf ki, həm nəticədən, həm oyundan, həm də komandanın çıxışından narazıyıq. Xüsusilə ilk hissədə çox zəif oynadıq. Həmin hissə qolsuz bərabərliklə başa çatdı. Ən yaxşı oyunumuzu ikinci hissədə göstərdik, amma bu zaman artıq 0:2 hesabı ilə geridə idik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çexiyanın “Slaviya Praqa” klubunun baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”a 0:2 hesabı ilə uduzduqları II tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, məğlubiyyətin səbəblərinə aydınlıq gətirib: “Bunun bir neçə səbəbi var. Həmişə qeyd etdiyim kimi, əsas məsələ səhvlərə yol verməməkdir. Hər iki qolda çox ciddi və qəbuledilməz səhvlər etdik. Xüsusilə ilk qolda top itkisindən sonra belə qol buraxmamalı idik. Hər iki qol bizim üçün məyusedici oldu. Bununla yanaşı, yaratdığımız qol imkanlarından yararlana bilmədik. Hesab edirəm ki, ən azı iki qol vurmaq üçün kifayət qədər şansımız var idi. Qolları vura bilməməyimizin əsas səbəbi komanda şəklində yaxşı oynamamağımız idi. Fərdi keyfiyyət baxımından da istədiyimiz səviyyədə deyildik. İlk hissədə çoxlu top itkisinə yol verdik və bunun nəticəsində təzyiq altına düşdük. Rəqibin hücumlarının qarşısını almağa çalışsaq da, təhlükəli epizodlar yaşandı. Bizim də imkanlarımız oldu, lakin onlardan yararlana bilmədik”.
Mütəxəssis ikinci hissəyə yaxşı başladıqlarını söyləyib: “Lakin sonradan oyuna nəzarəti itirdik. Xüsusilə sol cinahda rəqibə üstünlük verdik və təhlükəli vəziyyətlərin yaranmasına imkan yaratdıq. Buna baxmayaraq, öz şanslarımızı dəyərləndirə bilmədik. Bu gün rəqib bizi xüsusilə meydanın mərkəzində üstələdi. Əgər oyundan bir məqamı xüsusi qeyd etməli olsaydım, məhz bunu vurğulayardım. Futbolçuların mübarizə apardığını və yorulduğunu görürəm. Bununla belə, hazırda komandamızda maksimum potensialını ortaya qoyduğunu deyə biləcəyim konkret bir oyunçunun adını çəkməkdə çətinlik çəkirəm”.
Fotoqraf - Tofiq Babayev