Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”
Şəki, 14 oktyabr, AZƏRTAC
Xaqani Şirvani əsrlər əvvəl yaşayıb-yaratmasına baxmayaraq, onun söz və düşüncə dünyası bu gün də öz aktuallığını qoruyur. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Xaqani Şirvaninin zəngin yaradıcılıq irsi geniş ictimaiyyətə, xüsusilə gənclərə tanıdılmalı, onun əsərlərində əks olunan milli -mənəvi dəyərlər təbliğ olunmalıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər ADPU -nun Şəki filialının və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Narınqala şəhər Folklor Evinin birgə təşkilatçılığı ilə Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş "Əsrlərdən gələn səs" adlı mühazirə sessiyasında səsləndirilib.
Tədbirdə çıxış edənlər Xaqani Şirvaninin həyat və yaradıcılığından, onun zəngin poetik irsindən, Azərbaycan ədəbiyyatında tutduğu möhtəşəm mövqedən bəhs ediblər. Çıxışlarda şairin yaradıcılığında elm və bilik, ədalət, insan ləyaqəti, mənəvi kamillik, vətən sevgisi və ümumbəşəri dəyərlər kimi mühüm mövzuların geniş yer aldığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, şairin əsərlərindəki dərin fəlsəfi düşüncə, yüksək sənətkarlıq və insan mənəviyyatına dair fikirlər Azərbaycan ədəbi fikrinin qiymətli nümunələri kimi bu gün də öyrənilir və tədqiq olunur.
Çıxışlar zamanı Xaqaninin Azərbaycan ədəbiyyatının sonrakı inkişafına təsiri, onun klassik poeziyanın formalaşmasında mühüm rolu, yaradıcılığının bədii-fəlsəfi xüsusiyyətləri və zəngin irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti haqqında geniş fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Xaqani Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Müxbir - Rasim İslamoğlu